Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Gənclər Günü münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şuranın çoxsaylı üzvləri adından gənclərimizi təbrik edib. Təbrikdə deyilir:

Əziz gənclərimiz!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, daim yüksək əhvali-ruhiyyə, təhsilinizdə, əmək və ictimai fəaliyyətinizdə, eləcə də şəxsi həyatınızda davamlı uğurlar arzulayırıq!

Gənclik hər bir xalqın sabahı, dövlətin gələcəyi, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Azərbaycan gəncliyi bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də yüksək intellekti, vətənpərvərliyi, fədakarlığı və milli-mənəvi dəyərlərə sədaqəti ilə seçilir. Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qəhrəmanlıq göstərən igid gənclərimiz canları və qanları bahasına Azərbaycanın şanlı Zəfər tarixini yazdılar, ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpa etdilər. Bu gün həmin gənc nəsil işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində, Böyük Qayıdış prosesinin uğurla reallaşdırılmasında fəal iştirak edərək dövlətçiliyimizə layiqli töhfələr verir.

Azərbaycan gənclər siyasətinin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, onların yüksək təhsilli, müasir dünyagörüşlü, milli ruhda və vətənpərvər şəxsiyyətlər kimi formalaşmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş və həmin əlamətdar gün Azərbaycan Gəncləri Günü kimi tarixə düşmüşdür. Bu strateji xətt hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərimizin elmə, təhsilə, innovasiyaya, sahibkarlığa, ictimai və sosialyönümlü fəaliyyətə cəlb olunması üçün geniş imkanlar yaradılır. Xüsusilə vurğulamaq istərdik ki, bu günlərdə dövlət başçısının müvafiq sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində fərqlənən gənclərə 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi ölkəmizdə gənclərin əməyinə, biliyinə və təşəbbüskarlığına göstərilən yüksək etimadın və dəyərin bariz nümunəsidir. Bu mükafatlar gənclərimizin yeni nailiyyətlərə ruhlanmasına, daha böyük hədəflərə doğru inamla irəliləməsinə güclü stimul verir.

Azərbaycan Ağsaqqallar Şurası olaraq biz gənclərimizin hər zaman yanında olmuşuq və bundan sonra da olacağıq. Ağsaqqalların həyat təcrübəsi və müdrikliyi ilə gənclərin enerjisinin və yenilikçi düşüncəsinin vəhdəti cəmiyyətimizin sağlam inkişafının əsas şərtidir. Biz inanırıq ki, siz elmə, təhsilə, müasir biliklərə yiyələnməklə yanaşı, milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi qoruyacaq, müstəqil Azərbaycanın daha da güclənməsi və yüksəlməsi naminə əzmlə çalışacaqsınız.

Dəyərli gənclərimiz!

Biz Azərbaycanın gələcəyini sizin simanızda görür, sizə böyük ümidlər bəsləyirik. Əminik ki, Vətənə sədaqətiniz, dövlətə bağlılığınız və daim öz üzərinizdə çalışmağınız sayəsində ölkəmiz yeni zirvələr fəth edəcək, Azərbaycan gəncliyi dünya miqyasında nümunəvi güc kimi tanınacaqdır.

Bu əlamətdar gündə bir daha hər birinizi ürəkdən təbrik edir, yolunuzun açıq, uğurlarınızın bol olmasını arzulayırıq!

 

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                  Eldar QULİYEV

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.