Xəbərlər

BABA BAYRAMLI – 75

Fevral ayının 5-də Səbail Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal, nəcib insan Baba Bayramlının 75 yaşı tamam olur.

75 illik ömrünün hər ili zəhmətlə, ləyaqətlə və xalqa xidmətlə yoğrulan vətənpərvər şəxsiyyət Baba Bayramlının zəngin və mənalı həyat yolu əsl ziyalı taleyinin, vətəndaş mövqeyinin və mənəvi bütövlüyün bariz nümunəsidir. Qərbi Azərbaycanın Göyçə mahalında, ziyalı bir ailədə dünyaya göz açmağı, erkən yaşlardan elmə, biliyə, sözə və düşüncəyə bağlılığı onun gələcək fəaliyyətinin ideya əsaslarını formalaşdırmışdır. Gənclik illərində üzləşdiyi çətinliklərə baxmayaraq əzmkarlıq, zəhmətkeşlik və məqsədyönlü fəaliyyəti ilə həm əmək sahəsində, həm də təhsil müstəvisində öz yolunu inamla davam etdirmişdir.

Baba Bayramlının Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi uzun illər gənc nəslin tərbiyəsində yaxından iştirakı, pedaqoji fəaliyyətində milli ruhu, ana dilinə sevgini və vətənpərvərlik duyğularını əsas xətt kimi qorumağı xüsusi hörmətə layiqdir. 1988-ci ildə doğma yurdundan məcburi köçkün düşən Baba müəllim harada yaşamağından asılı olmayaraq, öz biliyini və bacarığını xalqımıza xidmətə yönəltmişdir. Onun Şəmkir rayonunun Çənlibel kənd məktəbində pedaqoji fəaliyyətin təşkilində, təhsil ocağının dirçəldilməsində göstərdiyi fədakarlıq əsl müəllim və ziyalı mövqeyinin parlaq təzahürüdür.

Baba müəllimin Bakı şəhərində, Səbail rayonunda təhsil sahəsində qazandığı nüfuz və pedaqoq kimi səmərəli fəaliyyəti, gənc müəllimlərə örnək olan metodiki yanaşmaları bu gün də böyük hörmətlə xatırlanır. Səbail Rayon Ağsaqqallar Şurasının sədri kimi Baba Bayramlı hazırda cəmiyyət həyatında fəal iştirak edir, ağsaqqallıq institutunun nüfuzunun qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərlə ağsaqqallar arasında mənəvi körpünün möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq fəaliyyət göstərir. O, təmkinli mövqeyi, müdrik məsləhətləri, insanlara səmimi və ədalətli yanaşması ilə ictimaiyyət arasında böyük ehtiram və etimad qazanmışdır. Baba müəllim, eyni zamanda, Vətənini sevən, xalqına bağlı, ziyalı övladlar böyüdən nümunəvi bir ata, nəvələrinin həyatında dəyərli nəsihətləri və mənəvi dayağı ilə seçilən qayğıkeş bir babadır.

Ömrünü elmə, təhsilə, ziyalılığa, milli-mənəvi dəyərlərimizin qorunmasına və cəmiyyətimizdə ağsaqqallıq missiyasının uca tutulmasına həsr etmiş dəyərli şəxsiyyət, alicənab insan və müdrik ağsaqqal Baba Bayramlını 75 illik əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.