Qaradağ Rayon Ağsaqqallar Şurası rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə növbəti iclasını keçirib.
Tədbirdə Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ramin Məmmədov, Rayon Ağsaqqallar Şurasının üzvləri – Veteranlar Təşkilatının 92 yaşlı üzvü Seyran Muradov, 86 yaşlı Əbdüləli Xaliq, eləcə də Sahil Qəsəbə Ağsaqqallar Şurasının sədri Mehbalı Novruzov, Qaradağ Rayon Müharibə Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə orqanları Veteranları Təşkilatının sədri Əli Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Birliyinin sədri Maqsud Heydərov, qocaman əmək veteranı Aydın Məmmədov, həmçinin digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
İclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ramin Məmmədov iclası giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb və 300 ildən artıq bir dövr ərzində ermənilərin xalqımıza qarşı törətdiyi təcavüzdən, işğaldan, soyqırımlardan söhbət açıb. Bildirib ki, 1988-ci ildən başlayaraq bədnam qonşularımız bütün beynəlxalq hüquq və normaları pozaraq ölkəmizə hərbi təcavüz etmiş, sülh və insanlıq əleyhinə dəhşətli cinayətlər törətmiş, şəhər və kəndlərimizi işğal və qarət edərək soydaşlarımızı ata-baba yurdundan didərgin salmışlar. Həmin şəhər və kəndlərimizin xarabalığa çevirilməsi, qədim və müasir tarixi abidələrimizin, o cümlədən məscidlərimizin məhv edilməsi xalqımız tərəfindən heç zaman unudulmayacaq. Sonra Şura sədri vurğulayıb ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğunun yüksək səviyyədə aparılması və 2020-ci ildə 44 günlük Vətən müharibəsinin parlaq nəticəsi olaraq məkrli düşmənin doğma torpaqlarımızdan qovulması, 2023-cü ilin sentyabrında isə düşmən qalıqlarının tam məhv edilməsi və bununla da böyük Zəfərin qazanılması, müstəqilliyimizin, suverenliyimizin tam bərpa edilməsi xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Daha sonra Ramin Məmmədov təşkilatın 2025-ci ildə gördüyü işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ötən il ərzində Şura üzvləri öz ictimai-siyasi fəaliyyətlərini əzmkarlıqla davam etdirərək əhəmiyyətli məsələlərə həsr olunmuş bir sıra tədbirlər, toplantılar keçirmiş, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının, Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının və digər qurumların təşkil etdikləri müxtəlif tədbirlərdə, dəyirmi masalarda, ziyarətlərdə, şəhidlərimizin anım günlərində, o cümlədən milli və dövlət bayramlarımıza həsr edilən tədbirlərdə iştirak və çıxışlar etmiş, öz dəyərli fikirlərini bildirmiş, tövsiyə və məsləhətlərini vermişlər. Natiq, həmçinin, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ağsaqqallar rayonda baş verən müxtəlif hadisələrə diqqətlə və həssaslıqla yanaşmış, əhalinin bir sıra sosial və məişət problemlərinin həll edilməsi ilə əlaqədar aidiyyatı təşkilatlara yazılı və şifahi müraciətlər ünvanlamış, əksər hallarda problemlərin həllinə nail olmuşlar.
İclasda məruzə ətrafında çıxış edən natiqlər görülən işlərdən razı qaldıqlarını bildirmiş və Şura üzvlərinin bundan sonra da öz səmərəli fəaliyyətləri ilə ağsaqqal nüfuzunu daha da yüksəldəcəklərini qeyd etmişlər. Sahil Qəsəbə Ağsaqqallar Şurasının sədri Mehbalı Novruzov öz çıxışında vurğulamışdır ki, qəsəbə ağsaqqalları küçələrin abadlaşdırılması, yolların və təhsil ocaqlarının təmiri zamanı dövlət orqanları ilə əlaqə saxlayır və bu işlərin yerinə yetirilməsinə nəzarət edir, öz ağsaqqal məsləhətlərini verirlər.
İclasın sonunda təşkilati məsələlərə də baxılmış, Şuraya yeni üzvlərin qəbulu üzrə müzakirələr aparıldıqdan sonra əmək veteranları – şəhid atası Sabir Xəlilov, Mayıl İsrəfilov və Oqtay Xudiyev üzvlüyə qəbul olunmuşlar. Yeni üzvlərə vəsiqələr təqdim edilmiş və fəaliyyətlərində uğurlar arzulanmışdır.




