Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurası beynəlxalq “Nənələr və babalar” gününə həsr olunmuş tədbir keçirib

Hər il fevral ayının 8-i Avropanın bir sıra ölkələrində və beynəlxalq səviyyədə “Nənələr və babalar” günü kimi qeyd olunur. 2008-ci ildən qeyd olunan və yaşlı nəslin cəmiyyətdəki, ailədəki rolunu ön plana çıxarmaq məqsədi daşıyan bu tarix UNESCO və Avropa Birliyi tərəfindən dəstəklənir. Bu əlamətdar gün ailə dəyərlərinin qorunması, nəsillərarası bağların möhkəmləndirilməsi və yaşlı nəslin cəmiyyət üçün əhəmiyyətinin vurğulanması baxımından xüsusi önəm kəsb edir.

Azərbaycan Ağsaqqallar Şurası da öz fəaliyyəti dövründə daim bütün vətəndaşlarımıza, o cümlədən ağsaqqallara və ahıl insanlara yüksək qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu səhədəki səmərəli fəaliyyətini hər zaman dəstəkləyir. Şura tərəfindən ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, hüquqlarının təmin edilməsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirilir, həmçinin bayramlarda və digər əlamətdar günlərdə xüsusilə sosial qayğıya ehtiyacı olan yaşlı insanlara mənəvi və maddi yardım göstərilir.

Şəki Rayon Ağsaqqallar Şurası tərəfindən beynəlxalq “Nənələr və babalar” gününə həsr olunmuş tədbirin keçirilməsi də təşkilatın yaşlı nəslə göstərdiyi diqqət və qayğının nümunəsidir. Şəki şəhər M.F. Axundzadə adına mədəniyyət sarayında baş tutan bu tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov və İdarə Heyətinin üzvləri, eləcə də ağsaqqallar, ağbirçəklər, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov hər kəsi salamlayaraq, nənə və babaları bu əlamətdar gün münasibətilə təbrik edib və onlara möhkəm cansağlığı arzulayıb. Vurğulayıb ki, cəmiyyətimizin, eləcə də ailələrimizin müdrik nənə və babalarımıza həmişə ehtiyacı var. Nəvələrin, gənc nəslin böyüdülməsində və tərbiyə olunmasında ata-analarla bərabər baba və nənələrimizin, ağsaqqal və ağbirçəklərimizin də zəhməti çox olur. Vətənin müdafiəsinə yollanan, ailə həyatına qədəm qoyan gənclərimiz, uzaq səfərlərə gedən və digər böyük işlərə başlayan insanlar həmişə ağsaqqal-ağbirçək xeyir-duasına böyük hörmətlə yanaşmışlar. Azərbaycanda hər zaman onların öyüd-nəsihətləri, məsləhətləri nəzərə alınır. Gənc nəsil daim yaşlı nəsildən öyrənməli, şəxsi həyatlarında və gələcək fəaliyyətlərində hökmən onların təcrübəsindən yararlanmalıdırlar.

Tədbirdə çıxış edən digər natiqlər də ağsaqqal-ağbirçək sözünün Azərbaycan mentalitetində böyük məna daşıdığını vurğulayıblar. Qeyd ediblər ki, öz cəmiyyətinə, millətinə, dövlətinə və əqidəsinə xidmət edən bu müdrik insanların həyat və fəaliyyəti gələcək nəsillər üçün hər zaman bir yol göstəricisinə çevrilməlidir.

Səmimi şəraitdə keçən tədbir musiqili, bədii və əyləncəli nömrələrlə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.