Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Ağsaqqallar Şurasının fəxri üzvü, dünya şöhrətli alim, müdrik ağsaqqal, dəyərli ziyalı Arif Mir Cəlal oğlu Paşayevin 92 yaşı tamam olur.
Görkəmli alim Arif Paşayevin şərəfli və mənalı ömür yolu Azərbaycan elminin, təhsilinin və milli intellektual potensialının inkişaf tarixində xüsusi yer tutur. Onilliklər boyu apardığı fundamental elmi araşdırmalar, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi misilsiz töhfələr, müasir aviasiya və aerokosmik istiqamətlər üzrə elmi məktəbin formalaşdırılması sahəsində gördüyü işlər Arif müəllimi yalnız ölkəmizdə deyil, beynəlxalq elmi mühitdə də böyük nüfuz sahibi etmişdir.
Rəhbərlik etdiyi ali təhsil ocağının müasir tələblərə uyğun inkişaf strategiyasının müəyyənləşdirilməsi, innovativ yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi qətiyyətli mövqe xüsusi təqdirəlayiqdir. Onun uzaqgörən rəhbərliyi nəticəsində Milli Aviasiya Akademiyası regionun aparıcı təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilmişdir.
Arif Paşayev yalnız böyük alim və bacarıqlı təşkilatçı deyil, həm də yüksək mənəvi keyfiyyətləri, sadəliyi, xeyirxahlığı, ədalətə və həqiqətə sadiqliyi ilə seçilən əsl ziyalı və ağsaqqaldır. Cəmiyyətimizdə sözünün çəkisi, mövqeyinin müdrikliyi ilə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərdiyi xidmətlər böyük hörmət və ehtiram doğurur. Onun ali həyat amalı – elmə sədaqəti, Vətənə xidməti və xalqa sonsuz bağlılığı hər bir vətəndaşımız üçün örnəkdir.
Arif müəllim, həmçinin, zəngin mənəvi irsə malik bir ailənin layiqli davamçısıdır. Milli ədəbiyyatımızın görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açaraq, həmin mühitin yüksək ziyalılıq ənənələrini öz fəaliyyətində yaşadan Arif Paşayev mərhum ömür-gün yoldaşı, tanınmış alim, vətənpərvər ziyalı və qayğıkeş ana Aida xanım İmanquliyeva ilə birlikdə ölkəmizə yüksək intellektə, dərin mənəvi zənginliyə malik dəyərli övladlar bəxş etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın cəmiyyətimizin ictimai-siyasi, elmi və mədəni həyatında oynadıqları mühüm rol və göstərdikləri böyük xidmətlər bu ailədə formalaşmış yüksək dəyərlərin və möhkəm mənəvi təməlin bariz təcəssümüdür.
Müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirakı ilə bu gün də gənclərimizin maarifləndirilməsi, vətənpərvərlik ruhunda yetişməsi üçün əlindən gələni əsirgəməyən, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyən Arif Paşayev səmərəli fəaliyyətinə və dəyərli xidmətlərinə görə bir çox yüksək təltiflərə – “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri kimi ali dövləti mükafatlarla layiq görülmüşdür.
Belə bir əlamətdar gündə xoş fürsətdən istifadə edərək zəngin həyat və fəaliyyət yolunun kamillik zirvəsində olan nüfuzlu alim, müdrik ağsaqqal, alicənab insan Arif Paşayevi Vətənimizin inkişafına həsr olunmuş şərəfli ömrünün 92-ci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edərək ona ən xoş arzularımızı çatdırır, Allahdan uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni uğurlar və daim yüksək əhval-ruhiyyə diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV