Mart ayının 8-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü, “Tərəqqi” medallı müdrik ağsaqqal, vətənpərvər ziyalı Təbrik Quliyevin 80 yaşı tamam olur.
Təbrik Quliyevin şərəfli ömür yolu zəhmətin, elmin, məsuliyyətin, vətəndaşlıq mövqeyinin və yüksək mənəvi dəyərlərin vəhdətindən yaranmış bir həyat salnaməsidir. Gənc yaşlarından çalışdığı istehsalat sahəsində peşəkarlığı, prinsipiallığı və təşkilatçılıq qabiliyyəti ilə seçilən Təbrik Quliyev məsul vəzifələrə yüksəlmiş, onun səmərəli fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı adına, “İttifaq ixtiraçısı” və “Əməkdar mühəndis” fəxri adlarına, “Tərəqqi” medalına, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun iqtisadi və ictimai həyatdakı xidmətlərinə verilmiş yüksək qiymətin bariz göstəricisidir.
Təbrik müəllim elmi fəaliyyət sahəsində də mühüm uğurlara imza atmış, kimya elmləri üzrə dissertasiya müdafiə etmiş, üç elmi və dörd bədii kitabın müəllifi kimi zəngin intellektual irs yaratmışdır. Təqaüdə çıxmasına baxmayaraq, cəmiyyət həyatında fəal iştirakını davam etdirən Təbrik Quliyev Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri seçilmişdir. Hazırda o, bu vəzifədə ağsaqqallıq institutunun nüfuzunun qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Onun müdrik mövqeyi, təmkinli və ədalətli yanaşmaları, cəmiyyətdə qazandığı nüfuz və hörmət Şuranın fəaliyyətinə xüsusi etimad qazandırmışdır. Təbrik Quliyev təkcə bir alim və mühəndis deyil, həm də ictimai nüfuzu ilə seçilən müdrik ağsaqqal, dəyərli ziyalı və vətənpərvər şəxsiyyətdir. Onun həyat yolu Sumqayıt şəhərinin sənaye salnaməsinin ayrılmaz hissəsi olmaqla yanaşı, ağsaqqallıq ənənəsinin müasir dövrdə layiqli davamının parlaq nümunəsidir.
Sözünün çəkisi, mövqeyinin prinsipiallığı, insanlara münasibətdə ədalət və obyektivliyi ilə əsl ağsaqqal örnəyi olan Təbrik Quliyevi şərəfli ömrünün 80-ci ildönümünə qədəm qoyması, əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, övlad və nəvələrinin uğurları ilə daim qürur duymasını arzulayırıq! Qoy dəyərli həyat yolu bundan sonra da müdrikliyin, xeyirxahlığın və mənəvi ucalığın zirvəsində davam etsin!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV