Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan qadınlarını təbrik edib

Hörmətli xanımlar!

Əziz analar və bacılar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından və öz adımdan ürəkdən təbrik edir, bu gözəl bayram günündə hər birinizə ən xoş arzularımızı çatdırır, Sizə sevinc və xoşbəxtlik, sülh, əmin-amanlıq, firavan həyat və dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

8 Mart hər zaman cəmiyyətimizin, ailələrimizin mənəvi dayağı olan, dövlətin və xalqın inkişafında mühüm rol oynayan Azərbaycan qadınına ehtiram və minnətdarlıq günüdür. Azərbaycan qadını tarix boyu müdrikliyi, sədaqəti, mərdliyi və yüksək mənəviyyatı ilə seçilmişdir. Qədim dövrlərdən bu günə qədər xalqımızın taleyüklü məqamlarında qadınlarımız həm ailə ocağının qoruyucusu, həm də Vətənə sədaqətin rəmzi olmuşlar. Onlar övladlarımıza Vətən sevgisini, torpağa bağlılığı, milli-mənəvi dəyərlərə hörməti aşılamış, xalqımızın kimliyinin qorunmasında müstəsna rol oynamışlar. Hazırda müasir Azərbaycan qadını bu zəngin ənənəni uğurla davam etdirərək dövlət quruculuğunda, elm və təhsildə, səhiyyədə, mədəniyyətdə, iqtisadiyyatda və ictimai-siyasi həyatda fəal iştirak edir. Bu gün ölkəmizin tərəqqisində qadınlarımızın əməyi danılmazdır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan qadınına hər zaman yüksək dəyər vermiş, onun cəmiyyətdə layiqli yer tutması üçün mühüm qərarlar qəbul etmişdir. Bu siyasi kurs hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində qadınlarımızın ictimai-siyasi fəallığı daha da artmışdır. Eyni zamanda, Azərbaycan qadınının beynəlxalq arenada yüksək nüfuz qazanmasında, humanitar və mədəni layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti böyük rol oynayır. Onun təşəbbüsləri qadın həmrəyliyinin, humanizm və mərhəmət dəyərlərinin təntənəsinə xidmət edir. Bu gün Azərbaycan qadını həm müasir dünyanın çağırışlarına cavab verən intellektual gücə malikdir, həm də öz milli-mənəvi köklərinə sadiqdir. O, ailədə ana kimi şəfqət və mərhəmətin, cəmiyyətdə isə iradə və məsuliyyətin təcəssümüdür.

Xüsusilə qeyd etmək lazımdır ki, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə qadınlarımız böyük mənəvi güc nümayiş etdirmişlər. Qəhrəman şəhid və qazilərimizin analarının, həyat yoldaşlarının, bacılarının fədakarlığı xalqımızın qürur mənbəyidir. Onların səbr və iradəsi Azərbaycan qadınının nə qədər uca və sarsılmaz mənəviyyat sahibi olduğunu bir daha sübut edir.

Sıralarında qadınların da aktiv fəaliyyət göstərdiyi Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də hər zaman zərif cinsin nümayəndələrinin cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirir, ailə institutunun möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında onların xidmətlərini xüsusi vurğulayırıq. Ağsaqqallıq institutu ilə qadınlarımızın mənəvi missiyası bir-birini tamamlayan iki mühüm sütundur – biri müdrikliyin, digəri isə mərhəmət və sevginin dayağıdır.

Əziz xanımlar!

Siz ailələrimizin bərəkəti, övladlarımızın ilk müəllimi, cəmiyyətimizin mənəvi gücüsünüz. Sizin varlığınız həyatımıza nur, istilik və harmoniya gətirir. Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və daim uca zirvələr diləyirik!

Bayramınız mübarək olsun!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından

Şuranın sədri, millət vəkili, professor                                                                  Eldar QULİYEV   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.