Xəbərlər

ELDAR İBRAHİMOV – 81

Mart ayının 12-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun 81 yaşı tamam olur.

Eldar İbrahimovun zəngin həyat yolu və səmərəli fəaliyyəti Azərbaycan dövlətçiliyinə sədaqətli xidmətin bariz nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, qanunvericilik sahəsində həyata keçirdiyi uğurlu işlər və xalqın etimadını doğruldan mövqeyi ona böyük hörmət və nüfuz qazandırmışdır. Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyəti dövründə dövlət maraqlarını hər zaman uca tutmağı, xüsusilə aqrar siyasət, regionların inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində göstərdiyi təşəbbüslər ölkəmizin sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr vermişdir. Eldar müəllim parlament fəaliyyəti ilə yanaşı, ölkəmizin elm və ictimai düşüncə məkanında da söz sahibi olan görkəmli alim və nüfuzlu ziyalı kimi tanınır. Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olaraq onun ideyalarına daim sadiq qalan Eldar İbrahimov bu gün də Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərir. Dövlətçilik ənənələrinə bağlılığı, milli-mənəvi dəyərlərə həssas münasibəti və prinsipial mövqeyi hər zaman cəmiyyətimiz üçün örnək olan Eldar İbrahimovun fədakar əməyi, həyata keçirdiyi əhəmiyyətli işlər ali dövlət təltifləri – “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və digər nüfuzlu mükafatlarla yüksək dəyərləndirilmişdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi Şuranın qarşısında duran məqsədlərin – cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi, ağsaqqallıq institutunun nüfuzunun artırılması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərin təşkilində və icrasında Eldar İbrahimovun əməyi danılmazdır. O, aktiv fəaliyyəti ilə Azərbaycan Ağsaqqallar Şurasının işinə sistemlilik və operativlik qazandırmış, region təşkilatları ilə əlaqələrin genişləndirilməsi, yerlərdə ağsaqqalların fəallığının artırılması, ictimai dialoqun gücləndirilməsi istiqamətində mühüm rol oynamışdır. Onun təşəbbüsü və yaxından iştirakı ilə keçirilən görüşlər, konfranslar və maarifləndirici tədbirlər ağsaqqallıq institutunun müasir dövrün çağırışlarına uyğun şəkildə fəaliyyət göstərməsinə böyük töhfə vermişdir.

Ömrünü doğma Azərbaycanımızın inkişafına həsr etmiş, yüksək mənəvi keyfiyyətləri, zəngin təcrübəsi və milli təfəkkürü ilə hər zaman seçilmiş dəyərli ziyalımız, müdrik ağsaqqalımız Eldar İbrahimovu şərəfli ömrünün 81-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və Vətənimizin daha xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə davamlı uğurlar arzulayırıq! Qoy onun müdrik sözü, dəyərli fəaliyyəti və xeyirxah əməlləri uzun illər xalqımıza və dövlətimizə xidmət etsin!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor                                                                                                                                                                     Eldar QULİYEV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.