Hörmətli cənab Prezident!
Naxçıvanın taleyində və inkişafında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyev çətin və mürəkkəb dövrlərdə Naxçıvanı qoruyub saxlayan, bu qədim diyarın təhlükəsizliyini, sabitliyini və davamlı inkişafını təmin edən uzaqgörən dövlət xadimi kimi Azərbaycan tarixində silinməz iz qoymuşdur. Onun Naxçıvanın müdafiəsi, sosial-iqtisadi dirçəlişi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi strateji siyasi kurs bu gün də öz aktuallığını qoruyur və həmin siyasi xətt Sizin rəhbərliyinizlə uğurla davam etdirilərək Naxçıvanın hərtərəfli inkişafına, təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və regionun güclənməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında mart ayının 5-də baş verən gözlənilməz hadisə bölgə əhalisi tərəfindən ciddi narahatlıqla qarşılansa da, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyiniz nəticəsində vəziyyət qısa müddətdə tam nəzarət altına alınmış, bölgənin təhlükəsizliyinin təmin olunması və əhalinin rahatlığının qorunması istiqamətində göstərdiyiniz diqqət və operativ qərarlar Naxçıvan ağsaqqalları tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Baş verən hadisədən dərhal sonra bir sıra xarici dövlət rəhbərlərinin Sizinlə əlaqə saxlaması və ölkəmizə dəstək ifadə etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və Sizin qlobal siyasi arenadakı yüksək mövqeyinizi bir daha göstərmişdir. Sizin rəhbərliyinizlə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi, bölgədə sabitliyin təmin olunması və Naxçıvan sakinlərinin ölkənin digər bölgələri ilə rahat hərəkətinin təmin edilməsi məqsədilə qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakı–Naxçıvan və əks istiqamətdə aviareyslərinin təşkil olunması, həmçinin qısa müddətdə Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətinin bərpa olunması bölgə əhalisi tərəfindən böyük məmnunluq və sevinc hissi ilə qarşılanmışdır.
Hörmətli cənab Prezident, Naxçıvanın ağsaqqalları olaraq bildiririk ki, Naxçıvan xalqı hər zaman ölkə başçımızın yanında olmuşdur. Biz bundan sonra da Sizi daim dəstəkləyəcəyimizi və dövlətimizin inkişafı naminə həyata keçirdiyiniz siyasətin arxasında qətiyyətlə dayanacağımızı bir daha bəyan edirik.
Naxçıvan ağsaqqalları adından Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmət və ehtiramla,
Məmməd Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri, Respublikanın fəxri ağsaqqalı.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.
(Minnətdarlıq məktubu Azərbaycan Respublikası Prezidentinin saytında dərc olunmuşdur: https://president.az/az/articles/view/71869)