Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Qazax Rayon Ağsaqqallar Şurasının sədri Mansurov Ramiz Dursun oğlu ömrünün 75-ci ilində vəfat etmişdir.
Uzun illər Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışaraq, bölgə əhalisinin sağlamlığının keşiyində dayanan Ramiz Mansurov hər zaman işinə vicdanla yanaşmış, sakinlərə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsirgəməmişdir. Şərəfli və məhsuldar ömür yolu keçən Ramiz müəllim Qazax Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli ziyalı və müdrik bir ağsaqqal kimi də ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etməklə Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, ölkəmizin müstəqilliyi və inkişafı uğrunda vətənpərvər, mübariz gənc nəslin yetişməsində böyük rol oynamışdır. Onun səmərəli fəaliyyəti bir sıra mükafatlarla dəyərləndirilmişdir. Lakin əsl mükafatı Qazax və ətraf rayonların əhalisinin ona bəslədiyi yüksək hörmət və rəğbət olmuşdur.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Mansurovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Ramiz Mansurovun Rayon Ağsaqqallar Şurasında və səhiyyə sahəsində göstərdiyi xidmətlər hər zaman minnətdarlıqla xatırlanacaq, əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV