Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Novruz bayramı münasibətilə təbriki

Novruz bayramı münasibətilə Azərbaycan Ağsaqqallar Şurası xalqımıza təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi xalqımızın qədim tarixi-mədəni irsini, milli-mənəvi dəyərlərini özündə yaşadan, birlik, həmrəylik və yenilənmə rəmzi olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə daim xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, bol ruzi-bərəkət, əmin-amanlıq və ailə səadəti arzulayırıq!

Minilliklərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan Novruz bayramı xalqımızın həyatında xüsusi yer tutur. Bu əziz bayram təbiətin oyanışını, həyatın canlanmasını, xeyirin şər üzərində qələbəsini təcəssüm etdirir. Novruz həm də milli kimliyimizin, zəngin mədəniyyətimizin və qədim ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqı bu bayramı tarix boyu böyük sevgi və ehtiramla qeyd etmiş, onu milli birliyin və həmrəyliyin rəmzinə çevirmişdir. Bu gün müstəqil Azərbaycan Respublikasında Novruz bayramı daha böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bu sevincin, qürurun əsas səbəbi ölkəmizin əldə etdiyi möhtəşəm uğurlar, torpaqlarımızın azadlığı və dövlətimizin güclənməsidir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına daim xüsusi diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına böyük önəm vermişdir. Bu siyasət hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da qüdrətlənmiş, öz ərazi bütövlüyünü bərpa etmiş, xalqımızın çoxəsrlik arzusu gerçəkləşmişdir. Xüsusilə möhtərəm Prezidentimizin Novruz bayramını Qarabağda qeyd etməsi artıq gözəl bir ənənəyə çevrilmişdir. Dövlət başçısının vurğuladığı kimi: “Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm… Bu, böyük xoşbəxtlikdir.” Bu sözlər hər bir azərbaycanlı kimi, biz ağsaqqalların da qəlbində sonsuz qürur və sevinc hissləri doğurur. Qarabağda yandırılan Novruz tonqalı xalqımızın əzmini, birliyini və zəfər ruhunu simvolizə edir. Xalqımıza, milli adət-ənənələrimizə bütün varlığı ilə bağlı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması və dünyada təbliği istiqamətində gördüyü mühüm işlər xüsusi təqdirəlayiqdir.

Hörmətli həmvətənlər!

Bu əlamətdar günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla Sizi Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər bir ailəyə ruzi-bərəkət, süfrələrinizə bolluq, ocaqlarınıza istilik diləyirik! Qoy bu müqəddəs bayram xalqımıza daim sülh, əmin-amanlıq və rifah bəxş etsin! Müstəqil Azərbaycanımız daha da güclənsin, inkişaf etsin və dünya dövlətləri arasında layiqli yerini daha da möhkəmləndirsin!

Novruz bayramınız mübarək olsun!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                 Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.