Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ramazan bayramı münasibətilə təbriki

 

Azərbaycan Ağsaqqallar Şurası Ramazan bayramı münasibətilə xalqımıza təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi İslam dünyasının ən müqəddəs və əziz bayramlarından olan mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan mərhəmət, bağışlanma və mənəvi paklıq rəmzi olan bu gözəl ayda tutduğunuz orucların, qıldığınız namazların, etdiyiniz duaların və bütün xeyirxah niyyətlərinizin qəbul olunmasını arzulayırıq!

Ramazan ayı insanları yüksək mənəvi dəyərlərə səsləyən, onları səbirli, mərhəmətli, xeyirxah və yardımlaşmaya meyilli olmağa təşviq edən müqəddəs bir zamandır. Bu mübarək ay boyunca insanlar bir-birinə daha çox diqqət və qayğı göstərir, ehtiyacı olanlara əl tutur, cəmiyyətimizdə birlik, həmrəylik və humanizm prinsipləri daha da möhkəmlənir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ay xalqımızın həyatında xüsusi yer tutur və Azərbaycan cəmiyyətində dini-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkəmizdə milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi hər zaman dövlətimizin prioritet istiqamətlərindən biri olmuşdur. Bu siyasətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, xalqımızın zəngin mənəvi irsinin yaşadılmasına daim xüsusi diqqət yetirilmişdir. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə sabitlik, inkişaf və tərəqqi təmin edilmiş, Azərbaycanın beynəlxalq nüfuzu daha da artmışdır. Dövlətimizin güclənməsi, xalqımızın rifah halının yüksəlməsi, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi hər bir azərbaycanlı kimi, biz ağsaqqalların da qürur mənbəyinə çevrilmişdir. Bu gün artıq Ramazan bayramı ölkəmizin bütün guşələrində, o cümlədən azad edilmiş torpaqlarımızda böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.

Bu müqəddəs bayram günlərində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhuna dualar oxuyuruq. Qəhrəman oğul və qızlarımızın göstərdiyi şücaət nəticəsində bu gün Azərbaycan xalqı öz doğma torpaqlarında əmin-amanlıq, qürur və inamla yaşayır.

Bu əziz gündə bir daha xalqımızı və xalqımızın xoşbəxt gələcəyi naminə əzmkar fəaliyyətini durmadan davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, doğma Azərbaycanımızın əmin-amanlığı və rifahı üçün edilən bütün ibadətlərin Allah dərgahında qəbul olunmasını diləyirik! Qoy bu mübarək bayram hər bir ailəyə sağlamlıq, səadət, ruzi-bərəkət, firavanlıq, hər bir ocağa sevinc, ümid və xoşbəxtlik gətirsin!

Ramazan bayramınız mübarək olsun!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                          Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.