Azərbaycan ictimaiyyətinə və mədəniyyətinə, eləcə də Respublika Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində vəfat etmişdir.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Balayev kinematoqrafiyamızın inkişafına böyük töhfələr vermiş bir şəxs olaraq dəyərli yaradıcılığı ilə tamaşaçıların qəlbində dərin məhəbbət qazanmışdı. İstedadlı aktyor kimi böyük məharətlə canlandırdığı “Babək”, “Nəsimi”, “Beyrək” və yaddaqalan bir çox digər obrazlar, çəkildiyi filmlər Azərbaycan kino tarixində mühüm mərhələ təşkil etmiş və kino sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Yarım əsrdən artıq bir dövrü əhatə edən yüksək yaradıcılığı dövlətimiz tərəfindən ali mükafatlara – “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdü. Eləcə də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq görkəmli şəxsiyyət, vətənpərvər ziyalı və müdrik ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirakı ilə xalqımıza və Vətənimizə böyük xidmətlər göstərən Rasim Balayev dəyərli ağsaqqallıq fəaliyyətinə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilmişdi. Onun şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənclərimiz üçün bir nümunə məktəbi idi.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, Balayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Görkəmli aktyor, dəyərli şəxsiyyət və müdrik ağsaqqal Rasim Balayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV