Xəbərlər

Azərbaycan xalqı öz tarixini unutmur və unutdurmayacaq

31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli, eyni zamanda milli yaddaşımızın sarsılmazlığını nümayiş etdirən mühüm günlərdən biridir. Bu tarix yalnız acı xatirələrin yad edilməsi deyil, həm də tarixi həqiqətlərin dünyaya çatdırılması, ədalətin bərpası uğrunda mübarizəmizin davamlılığının ifadəsidir. Azərbaycan xalqı əsrlər boyu müxtəlif dövrlərdə planlı şəkildə həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışdır. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr isə bu siyasətin ən qanlı və amansız təzahürlərindən biri olmuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə minlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri viran edilmiş, xalqımızın maddi-mədəni irsinə ağır zərbə vurulmuşdur. Bu faciələr təkcə bir dövrün deyil, bütövlükdə xalqımızın tarixində silinməz iz buraxmışdır.

Uzun illər bu həqiqətlərin üzərinə pərdə çəkilməyə çalışılsa da, xalqımız öz tarixi yaddaşını qoruyub saxlamışdır. Məhz müstəqilliyimizin bərpasından sonra bu qanlı hadisələrə obyektiv hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə xüsusi xidmətləri olan Ulu Öndər Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir. Onun təşəbbüsü ilə 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən elan edilməsi milli yaddaşımızın bərpası və tarixi ədalətin təmin olunması baxımından mühüm dönüş nöqtəsi olmuşdur. Bu qərar həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesaj idi ki, Azərbaycan xalqı öz tarixini unutmur və unutdurmayacaq.

Ümummilli Liderimizin müəyyən etdiyi siyasi kurs çərçivəsində digər faciələrimizin, xüsusilə də Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyətin əsası qoyulmuşdur. Bu siyasət sonrakı dövrlərdə də ardıcıl şəkildə davam etdirilmiş, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılmışdır. Bu gün həmin siyasi kurs möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, tarixi həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın milli qürurunun bərpası, tarixi ədalətin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu Zəfər təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də uzun illər davam edən ədalətsizliyə verilən qəti cavab, şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.

Azərbaycan xalqı, o cümlədən cəmiyyətimizin mənəvi dayağı olan ağsaqqallarımız bu faciələri heç vaxt unutmur. Bizim üçün 31 mart yalnız matəm günü deyil, həm də yaddaş, birlik və mübarizə günüdür. Ağsaqqallarımız daim gənc nəslə tariximizi düzgün öyrətməyin, milli kimliyimizi qorumağın, vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayırlar. Çünki tarixi unudan xalq gələcəyini təhlükə altına qoyur. Bu gün hər bir azərbaycanlı dərk edir ki, tarixi ədalətin bərpası istiqamətində mübarizə yalnız dövlətin deyil, bütövlükdə xalqın ümumi işidir. Biz başımıza gətirilən faciələri unutmur, eyni zamanda onların dünya miqyasında tanıdılması üçün əlimizdən gələni əsirgəmirik. Bu istiqamətdə həyata keçirilən elmi araşdırmalar, nəşrlər, beynəlxalq tədbirlər və informasiya siyasəti mühüm rol oynayır. Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də bu müqəddəs missiyanın həyata keçirilməsində fəal iştirak edir, tariximizin təhrif olunmasına qarşı qətiyyətlə mübarizə aparırıq. Gənc nəslin milli ruhda tərbiyəsi, onların tarixi həqiqətlərlə silahlandırılması bizim əsas prioritetlərimizdəndir. Biz inanırıq ki, milli birlik və həmrəylik sayəsində xalqımız bundan sonra da bütün çağırışların öhdəsindən layiqincə gələcəkdir.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bir daha şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Əminik ki, onların qanı bahasına qorunan və bərpa olunan müstəqil Azərbaycan dövləti daha da güclənəcək, tarixi ədalət tam şəkildə təmin olunacaqdır.

Unutmuruq, unutdurmuruq və unutdurmayacağıq!

 

Eldar Quliyev

Azərbaycan Ağsaqqallar Şurasının sədri, 

Milli Məclisin deputatı, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.