Suraxanı Rayon Ağsaqqallar Şurası “Nur” tədbir zalında Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş iclas keçirib. Suraxanı qəsəbəsində baş tutan tədbirdə rayon və qəsəbə ağsaqqalları, ziyalıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclasda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, Suraxanı rayonunun fəxri sakini Hicran Şərifov açıq elan edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin salamlarını iclas iştirakçılarına çatdırıb. Sonra söz Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevə verilib. Arif Babayev öz çıxışında ölkədə həyata keçirilən dövlət siyasətinə dəstəyin vacibliyini vurğulayaraq, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin tərbiyəsində və cəmiyyətin inkişafında ağsaqqalların rolundan geniş bəhs edib.
Daha sonra iclasda çıxış edən Hicran Şərifov Aprel döyüşlərinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib, şəhidlərimizin qəhrəmanlıqları haqqında gələcək nəsilləri maarifləndirmənin, vətənpərvər ruhda gənclərin yetişməsininin vacibliyini vurğulayıb. Natiq çıxışında, həmçinin Şuranın fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verərək qeyd edib ki, Rayon Ağsaqqallar Şurasının işində fəallıq əsas şərtlərdən biridir. Bu baxımdan iclaslarda və rayon səviyyəli tədbirlərdə ardıcıl olaraq iştirak etməyən üzvlərlə bağlı ciddi tədbirlərin görülməsi, onların Şura üzvlüyündən xaric edilməsi zəruriliyindən bəhs edib. Hicran Şərifov qarşıdan gələn növbəti tədbirlər barədə məlumat verərək bildirib ki, 11 aprel tarixində Hövsan qəsəbəsində, ardınca Günəşli, Qaraçuxur və Zığ qəsəbələrində iclaslar keçiriləcəkdir. O, eyni zamanda iştirakçılar arasından 4 aprel təvəllüdlü Zeynal Məmmədovu doğum günü münasibətilə səmimi təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Əli Qasımlı çıxışında cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, gənclərlə ağsaqqallar arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Suraxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Hacı Vaqif Alxazov da iclasda çıxış edərək qəsəbə səviyyəsində görülən işlərdən, ictimai fəallığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb və ağsaqqalların cəmiyyətdəki nüfuzunun qorunmasının vacibliyini bildirib.
İclasda çıxış edən natiqlər tərəfindən bir sıra təkliflər də səsləndirilib. Rayonda yüksək nəticələr əldə etmiş idmançılarla görüşlərin təşkili, həmçinin rayon və qəsəbələrdə Ağsaqqallar Şurasının iclaslarının mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Rayon tədbirlərində və həmçinin Ağsaqqallar Şurasının iclaslarında ardıcıl olaraq iştirak etməyən üzvlərin Şura üzvlüyündən xaric olunması məsələsi səsə qoyularaq yekdilliklə qəbul edilib. Natiqlər öz çıxışlarında rayonda aparılan abadlıq və quruculuq işlərini də yüksək qiymətləndiriblər və bu fəaliyyətə görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda qeyd olunub ki, gələcəkdə də bütün quruculuq və abadlıq işlərində İcra Hakimiyyətinə və rayon rəhbərliyinə dəstək göstərilməsi vacibdir.
Ümumilikdə 70-dən çox ağsaqqalın, eləcə də rayonun digər qəsəbələrinin ağsaqqallarının da qonaq qismində iştirak etdiyi iclasın sonunda Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvü olmaq üçün ərizə ilə müraciət edən sakinlərin namizədliyi səsə qoyulub və yekdilliklə qəbul edilib. Həmçinin Suraxanı qəsəbəsi Ağsaqqallar Şurasına üzvlüyə namizədlərin baxılması üçün ilkin siyahı tərtib olunub.
İclas xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.




