Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri Azərbaycan Ağsaqqallar Şurasında olublar

Aprel ayının 9-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti – Cantürk Alagöz, İsmail Özdemir, Uğur Bayraktutan, eləcə Türkiyə – Şimali Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, qrup üzvləri – Kemal Çelik, Ahmet Erbaş, Semra Dinçer və başqaları Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, akademik Abel Məhərrəmov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və Şuranın digər məsul şəxsləri iştirak ediblər.

Səmimi şəraitdə keçən söhbət zamanı qardaş Türkiyənin Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə Respublika Ağsaqqallar Şurasında növbəti dəfə görüşdükləri üçün məmnun olduğunu bildirən Eldar Quliyev Şuranın və onun ölkəmizin 81 şəhər və rayonunda mövcud olan yerli təşkilatlarının fəaliyyəti barədə məlumat verərək, qurumdakı müsbət dəyişikliklərdən, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, eləcə də xalqlarımızın arasındakı qardaşlıq və dostluq münasibətlərindən bəhs edib. Vurğulayıb ki, bu tarixi və qardaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəldilməsində millət vəkili Şamil Ayrımın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun səmərəli fəaliyyəti və əzmkarlığı xüsusi qeyd olunmalıdır.

Görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov da Azərbaycanla Türkiyənin sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Qeyd edib ki, Azərbaycana çox bağlı olan Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri sayəsində son illər ərzində iki qardaş ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir, qarşılıqlı faydalı əməkdaşlığımız daim artır. Natiq Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə verdiyi dəyərli töhfələrə görə millət vəkili Şamil Ayrım başda olmaqla Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərinə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun bütün üzvləri kimi Cantürk Alagözün də Azərbaycan xalqına bəslədiyi dərin məhəbbətdən, milli köklərimizə və ortaq mənəvi dəyərlərimizə bağlılığından, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi ardıcıl və məqsədyönlü fəaliyyətdən bəhs edib. Bildirib ki, Cantürk Alagöz kimi dəyərli dövlət xadimi Türkiyə Böyük Millət Məclisinin üzvü olaraq Türkiyə – Azərbaycan parlamentlərarası dostluq qrupunun işində fəal iştirakı ilə iki ölkə arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfələr verir.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif olunan Cantürk Alagözə “Fəxri Ağsaqqal” döş nişanını və digər hədiyyələri təqdim edib, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasında onları növbəti dəfə belə səmimi şəkildə qəbula və dəyərli təltifə görə minnətdarlıqlarını bildirən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Cantürk Alagöz və nümayəndə heyətinin digər üzvləri bundan sonra da Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.