Xəbərlər

Kəlbəcər Rayon Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş tədbir keçirib

Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Mədəniyyət Evində Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə “Milli-mənəvi dəyərlərin qorunub saxlanılması prosesində ağsaqqalların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şaban Qurbanov və rayon ağsaqqalları iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov və digər natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xüsusi diqqət yetirib. Xüsusilə müstəqillik illərində dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərin yaşadılması sağlam cəmiyyətin formalaşdırılmasında və vətənpərvər gəncliyin yetişməsində vacib rola malik olub. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durub. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olduqdan sonra mənəvi dəyərlərimizin qorunması dövlətin əsas strategiyasına çevrilib. Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılması, müvafiq proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər işlərin ardıcıl surətdə davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda respublikamızda gənclərin milli ruhda böyüdülməsi, tərbiyə alması dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır.

Rayon ağsaqqalları vurğulayıblar ki, məhz uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanımızın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq bir yumruq kimi birləşə bilir.

Çıxış edən natiqlər, həmçinin, qeyd ediblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqətdə saxlayır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin, zəngin mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində müstəsna xidmətlər göstərir. Buna misal olaraq multikulturalizm və tolerantlıq ənənələrini dəstəkləyən layihələr, məscid, kilsə və sinaqoqların bərpası, həmçinin beynəlxalq səviyyəli mədəni tədbirlərin keçirilməsi Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq mərkəzi kimi mövqeyini möhkəmləndirilməsini göstərmək olar. Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması da çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində tarixi irsimizi əks etdirən digər nümunələrlə yanaşı, Novruz Bayramının, Azərbaycan muğamının eyni zamanda aşıq-ozan sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu kontekstdə əlamətdar hadisədir.

Bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.