Möhtərəm cənab Prezident!
Öz sıralarında 30 min nəfərdən çox üzvü birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının nümayəndələri Sizə dərin ehtiramını ifadə edərək ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi, beynəlxalq nüfuzunun yüksəlməsi və xalqımızın rifahının yaxşılaşması naminə həyata keçirdiyiniz məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasətə görə sonsuz minnətdarlığını bildirir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə bütün sahələrdə mühüm nailiyyətlər qazanmış, beynəlxalq müstəvidə etibarlı və nüfuzlu tərəfdaş səviyyəsində tanınmış, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Güclü siyasi iradə, praqmatik yanaşma və milli maraqların müdafiəsinə əsaslanan strateji kurs nəticəsində ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir, sosial-iqtisadi sahədə mühüm uğurlar əldə olunur, vətəndaş rifahı durmadan yüksəlir.
Xüsusilə vurğulamaq istərdik ki, Sizin Ali Baş Komandanlığınız altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük lokal antiterror əməliyyatı nəticəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın və ölkəmizin tarixində silinməz iz qoymuşdur. Silahlı qüvvələrimizin əldə etdiyi bu parlaq qələbələr nəticəsində uzun illər işğal altında qalmış doğma torpaqlarımız azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu qələbələr təkcə hərbi uğur deyil, həm də xalqımızın milli qüruru, birlik və iradəsinin təntənəsi kimi Sizin adınızı tarixə qızıl hərflərlə yazmışdır.
Hazırda işğaldan azad edilmiş ərazilərdə Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin gücünü və gələcəyə hesablanmış inkişaf strategiyasını bir daha nümayiş etdirir. Müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsi, eləcə də “Böyük qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtması ölkəmizin yeni inkişaf mərhələsinin bariz nümunəsidir.
Hörmətli cənab Prezident!
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Milli mənəvi dəyərimizin qızıl fondu” adlandırdığı ağsaqqallar institutu hər zaman dövlətçiliyimizin dayaqlarından biri olmuş, milli birliyimizin, ictimai həmrəyliyimizin möhkəmlənməsinə xidmət etmişdir. Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da yeni-yeni zirvələr fəth edəcək, müstəqilliyimiz daha da möhkəmlənəcək, xalqımız firavan və təhlükəsiz həyat şəraitində yaşayacaqdır. Öz sıralarında respublikamızın müdrik ağsaqqallarını, dəyərli ziyalılarını, görkəmli ictimai-siyasi xadimlərini birləşdirən Azərbaycan Ağsaqqallar Şurası bundan sonra da vətənimizin inkişafı naminə apardığınız işlərdə yaxından iştirak edəcək, özlərinin zəngin həyat təcrübəsindən, ictimai nüfuzundan və fəal vətəndaş mövqeyindən istifadə edərək gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi ənənələrin qorunması, ictimai sabitliyin möhkəmləndirilməsi sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və şərəfli dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Uca Allah Sizi və Azərbaycanımızı daim qorusun!
Dərin hörmət və ehtiramla,
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının nümayəndələri
Bakı şəhəri, 23 aprel 2026-ci il