Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurası Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş iclası keçirib

04 may 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində Ağsu Rayon Ağsaqqallar Şurasının xalqımızın Ümummilli Liderinə həsr olunmuş növbəti iclası keçirilib.

İclasda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda çıxışlar olub. Çıxış edən Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, dahi şəxsiyyyətin zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkə beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Tədbirdə, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Vaqif Nəzərov bildirib ki, Qurultayda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev çıxış edərək Şuranın son 5 ildə gördüyü işlər barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Natiq millət vəkili, professor Eldar Quliyevi yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilməyi münasibətilə Rayon Ağsaqqallar Şurasının üzvləri adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Vaqif Nəzərov Qurultayda Şuranının Nizamnaməsinə dəyişikliklərin edilməsindən, İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılmasından, eləcə də dövlət başçısına Qurultay nümayəndələri adından müraciətin qəbul edilməsindən də söz açıb. Vurğulayıb ki, Rayon Ağsaqqallar Şurasının üzvləri Qurultayın qərarlarında və möhtərəm Prezidentimizin müraciətində qarşıya qoyulan vəzifələrə uyğun olaraq öz fəaliyyətini daha da gücləndirəcəkdir.

İclas gələcəkdə görüləcək işlərin müzakirəsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.