Azərbaycan xalqının taleyində silinməz iz qoymuş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev haqqında yazılan hər bir əsər əslində milli yaddaşın, dövlətçilik təfəkkürünün və vətənpərvərlik ideallarının gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xızı Rayon Ağsaqqallar Şurasının sədri, “Tərəqqi” və “Heydər Əliyev-100” yubiley medallı vətənpərvər ziyalı, müdrik ağsaqqal Fərrux Haqverdiyevin müəllifi olduğu “Azərbaycan tarixinin şərəf günü” adlı kitab da məhz bu baxımdan xüsusi diqqətə layiq dəyərli nəşrlərdən biridir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində işıq üzü görən kitab öz məzmunu, ideya istiqaməti və tarixi-siyasi əhəmiyyəti ilə oxucuda dərin təəssürat yaradır. Müəllif kitabın adını təsadüfi seçməmişdir. “Azərbaycan tarixinin şərəf günü” ifadəsi xalqımızın taleyində mühüm dönüş nöqtəsi olmuş 14 iyul 1969-cu il tarixi ilə bağlıdır. Məhz həmin gün Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gələrək ölkəmizi tənəzzüldən inkişaf və yüksəliş yoluna çıxarmış, milli dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoymuşdur. Bu mənada kitabın adı həm tarixi gerçəkliyi, həm də müəllifin Ulu Öndərə olan böyük ehtiramını simvolizə edir.
Kitabda dahi şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti geniş şəkildə təhlil olunur, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri dolğun faktlar və dərin düşüncələrlə təqdim edilir. Müəllif Ulu Öndərin həyat yoluna sadəcə siyasi fəaliyyət prizmasından yanaşmır, eyni zamanda onun milli ideologiyanın formalaşmasındakı rolunu, xalqın özünəinamının bərpasındakı xidmətlərini və müstəqil dövlətçilik düşüncəsinin möhkəmləndirilməsindəki tarixi missiyasını xüsusi vurğulayır.
Əsərdə diqqəti cəlb edən əsas məqamlardan biri də mövzuların sistemli və məzmunlu başlıqlar altında təqdim edilməsidir. “Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”, “Tarixin dönüş məqamı”, “Vətəndaş sülhü və milli birliyin yaradıcısı”, “Müasir Azərbaycan parlamentinin banisi”, “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarıdır” kimi başlıqlar təkcə bir siyasi liderin fəaliyyətini deyil, bütövlükdə müasir Azərbaycan dövlətinin formalaşma tarixini əhatə edir. Müəllif bu başlıqlar vasitəsilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bütün sahələrində yaratdığı möhkəm təməlləri aydın və təsirli dillə oxucuya çatdırır.
Kitabın mühüm üstünlüklərindən biri də ondadır ki, burada yalnız keçmişə nəzər salınmır, həm də Ümummilli Liderin siyasi kursunun bu gün uğurla davam etdirildiyi xüsusi vurğulanır. Müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizi daha da gücləndirdiyini, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, iqtisadi və siyasi qüdrətinin möhkəmləndiyini geniş şəkildə qeyd edir. Xüsusilə torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər və ərazi bütövlüyümüzün bərpası kitabda qürur hissi ilə təqdim olunur. Müəllif haqlı olaraq bu tarixi nailiyyətlərin əsasında məhz Heydər Əliyev ideyalarının və milli dövlətçilik konsepsiyasının dayandığını vurğulayır.
Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev əsərdə sadə və anlaşıqlı dillə yanaşı, yüksək publisistik üslub nümayiş etdirir. Kitab oxucunu yalnız məlumatlandırmır, eyni zamanda onda milli qürur, vətən sevgisi və dövlətçilik düşüncəsi formalaşdırır. Müəllifin Ulu Öndərin şəxsiyyətinə olan sonsuz hörməti və sevgisi hər sətirdə hiss olunur. Bu isə əsərin səmimiliyini və təsir gücünü daha da artırır.
Bu kitab xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki burada müasir Azərbaycanın hansı çətin və mürəkkəb yollardan keçərək bugünkü inkişaf səviyyəsinə çatdığı tarixi faktlarla təqdim edilir. Oxucu bir daha anlayır ki, Azərbaycan dövlətinin bugünkü uğurlarının əsasında uzaqgörən siyasət, milli birlik və güclü liderlik dayanır.
“Azərbaycan tarixinin şərəf günü” təkcə bir kitab deyil, həm də milli dövlətçilik tariximizə, Ulu Öndər irsinə və müasir Azərbaycanın inkişaf yoluna həsr olunmuş dəyərli bir mənəvi salnamədir. Bu əsər hər bir azərbaycanlının qürurla oxuya biləcəyi, gələcək nəsillərə tövsiyə olunacaq mühüm nəşrlərdən biridir.
Əminliklə demək olar ki, Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyevin bu kitabı Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm töhfə olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinə və milli dəyərlərə sədaqətin də parlaq nümunəsidir. Müəllifi bu dəyərli əsərin ərsəyə gəlməsi münasibətilə təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.