16 may 2026-cı ildə Zabrat qəsəbəsində yerləşən 192 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Maştağa qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ağanəcəf Qədirov, məktəbin direktoru Cavad Mustafayev, eləcə də qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, həmçinin zərərli vərdişlərə aludəçiliyin profilaktikasından söz açıb. Zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan danışıb, rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan maarifləndirmə işlərindən bəhs edib. Keçirilən tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edərək vurğulayıb ki, bu gün gənc nəslin savadlı, vətənpərvər ruhda və sağlam böyüməsi hər kəsin diqqət mərkəzində olmalıdır.
Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov öz çıxışında göstərilən səmimi münasibətə və təşkilati işlərin yüksək səviyyədə həyat keçirilməsinə görə məktəbin direktoruna və pedaqoji kollektivinə öz minnətdarlığını bildirib. Gənclərin maarifləndirilməsi istiqamətində keçirilən belə tədbirlərin gələcəyimiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sonra natiq Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, xilaskarlıq və quruculuq missiyasından ətraflı söz açıb. Dahi rəhbərin azərbaycanlı gənclərə göstərdiyi diqqət və qayğını, onların savadlı və sağlam olmaları üçün həyata keçirdiyi böyük işləri, uğurlu gənclər siyasətini xüsusi vurğulayıb. Bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Vəli Səfərov, həmçinin, şagirdlərə dəyərli məsləhətlər verərək qeyd edib ki, böyüyə hörmət, ailəyə bağlılıq, zəhmətsevərlik, tərbiyə, yüksək təhsil və vətənpərvərlik hər bir gəncin həyat prinsipi olmalıdır. Biz ağsaqqallar gənclərimizə inanırıq, güvənirik və hər zaman onlara dəstək olmağa hazırıq.
Sonra tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev hər kəsi Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Azərbaycan tarixində silinməz iz qoymuş dahi şəxsiyyət, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri hər zaman gənclərə böyük ümid bəsləyir, onların savadlı, vətənpərvər və sağlam ruhda böyüməsini dövlətin gələcəyi üçün əsas amil hesab edirdi. Ulu Öndərin “Gənclər bizim gələcəyimizdir” fikri bu gün də öz aktuallığını qoruyub saxlayır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı gənclər siyasətində öz əksini tapır. Natiq öz çıxışında müasir dövrdə bəzi gənclərin siqaret, alkoqol, narkotik vasitələr, aqressiv davranış, eləcə də sosial şəbəkə və texnologiya asılılığı kimi təhlükəli meyillərin təsiri altına düşdüyünü təəssüf hissi ilə qeyd edib. Bildirib ki, zərərli vərdişlər təkcə insan sağlamlığına deyil, onun hüquqi və ictimai həyatına da ciddi mənfi təsir göstərir. Narkotik vasitələrin istifadəsi və yayılması, ictimai asayişin pozulması, zorakılıq halları və digər hüquqazidd davranışlar qanunvericiliklə məsuliyyət yaradır və insanın gələcəyini təhlükə altına qoyur. Kamal Əliyev millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının gənclərlə bağlı həyata keçirdiyi işlərdən də ətraflı söz açıb. Sonda gənclərimizə möhkəm cansağlığı, uğurlu təhsil, güclü iradə və parlaq gələcək arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində bu cür maarifləndirmə işlərinin keçirilməsini yüksək qiymətləndiriblər. Zərərli vərdişlərin dövlətimizə və ümumilikdə, bəşəriyyətə, xüsusilə gənc nəslə vurduğu fəsadlar barədə məlumat verərək bütün gəncləri sağlam həyat yaşamağa dəvət ediblər. Öz məsləhət və tövsiyələrini veriblər.
Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndiriblər, milli musiqi və rəqs nömrələri təqdim ediblər.
















