Öz aktiv fəaliyyəti ilə seçilən Abşeron Rayon Ağsaqqallar Şurası təşkilatın sədri, şəhid atası Məhərrəm İbadovun təşəbbüsü ilə növbəti əhəmiyyətli bir görüş keçirib. May ayının 19-da Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri Saray qəsəbəsində yerləşən “Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsi”ndə diqqət və qayğıya ehtiyacı olan uşaqları ziyarət ediblər.
Ziyarət zamanı müəssisənin əməkdaşı Elnurə Rzayeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq fəaliyyətləri barədə məlumat verib. Vurğulayıb ki, müəssisədə əlilliyi olan uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmətlər göstərilir, onların reabilitasiyası həyata keçirilir. Uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fiziki tərbiyəsi və s. istiqamətlərdə işlər aparılır.
Yaradılan şəraitə görə müəssisənin rəhbərliyinə öz minnətdarlığını bildirən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov Azərbaycanın gələcəyini sağlam, təhsilli, vətənpərvər uşaqların böyüdülməsində görən Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin prioritetlərindən birini uşaq siyasəti təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə mühüm qanunlar qəbul olunduğunu, əhəmiyyətli işlər həyata keçirildiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlillərə və bu təbəqədən olan insanlara göstərdikləri diqqət və qayğıdan, bu müəssisədə yaradılan yüksək şəraitdən söz açıb. Fondun təşəbbüsü ilə uşaq evlərinin, reabilitasiya və sağlamlıq mərkəzlərinin, təhsil ocaqlarının yaradıldığını, bərpa edildiyini, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə qaytarılması üçün hərtərəfli işlər aparıldığını ziyarət iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, qayğıya ehtiyacı olan uşaqları ziyarət etmək, onları sevindirmək hər birimizin insani və vicdani borcumuzdur.
Sonra çıxış edən şəhid anası Çəməngül Müslümova və başqaları bu cür ziyarətlərin mütəmadi keçirilməsinin vacibliyini və tədbirin xoş təəssürat yaratdığını qeyd ediblər.
Ziyarət zamanı Saray musiqi məktəbinin müəllimi Nərgiz Əsgərovanın rəhdərliyi ilə şagirdlərin ifasında mahnılar səsləndirilib, rəqs nömrələri təqdim edilib. Uşaqların sevinci ilə müşayiət olunan ziyarət hamıya xoş anlar yaşadıb.
Tədbir meyvə, şirniyyat və çay süfrəsi arxasında davam etdirilib.
Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri əlilliyi olan uşaqları ziyarət ediblər
- 20-05-2026
- [15:10]
- []
20
May











