Tarix boyu Azərbaycan xalqı ağsaqqal sözünə, ağsaqqal məsləhətinə xüsusi ehtiramla yanaşıb. Bu ənənə bu gün də yaşayır və ölkəmizdə ağsaqqallar hərəkatını təşkilatlandıran, sıralarında bir çox nüfuzlu ictimai-siyasi və elm xadimlərini, görkəmli ziyalıları birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti sayəsində daha da möhkəmlənir. Cəmiyyətimizdə yalnız ictimai qurum deyil, həm də mənəvi yol göstərən, istiqamət verən böyük bir məktəb olan Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin, müdrik ağsaqqallarımızın dəyərli fəaliyyəti hər bir regionda yüksək qiymətləndirilir, onlara hər zaman diqqət və qayğı ilə yanaşılır. Ağsaqqallara bu cür yüksək münasibəti ilə seçilən Beyləqanda Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovun doğum günü rayon rəhbərliyi tərəfindən qeyd edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovu qəbul edərək onu doğum günü münasibətilə təbrik etmiş, rayonun dəyərli ziyalısına möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır. Bildirmişdir ki, Etibar müəllim rayonun ictimai-mədəni həyatında müdrik fikirləri, nəsihətləri, zəngin həyat təcrübəsi və ziyalı mövqeyi ilə seçilən nüfuzlu şəxslərdən biridir.
Etibar İmanov ona göstərilən yüksək ehtirama görə minnətdarlığını ifadə edib, ölkəmizdə ağsaqqallara, ziyalılara və milli-mənəvi dəyərlərin daşıyıcılarına göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürünü bildirib. Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ziyalılarına və ağsaqqallarına göstərilən dərin hörməti yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Etibar İmanov dövrünün ən yüksək mükafatlarından biri olan “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş Rəşid İmanovun ailəsində anadan olub. O, müxtəlif dövrlərdə təhsil sahəsində direktor kimi çalışıb, eyni zamanda 1969-cu ildən etibarən Heydər Əliyev ideyalarının təbliği, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərib.
İctimai-siyasi fəallığı və səmərəli fəaliyyəti sayəsində Beyləqan rayon partiya komitəsinin ideologiya şöbəsinin müdiri vəzifəsini yüksək səviyyədə həyata keçirib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2010-cu ildə “Tərəqqi” medalı və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunub. Hazırda Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri kimi dəyərli fəaliyyətini, ağsaqqallıq missiyasını uğurla davam etdirən Etibar İmanov rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, ümumi inkişafa öz layiqli töhfəsini verir.


