Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev məzunu olduğu Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 90 illik yubileyində iştirak edib. Tədbirə, həmçinin, görkəmli dramaturq Cəfər Cabbarlının nəvələri — Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Abbasov, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, eləcə də məktəbin digər məzunları, müəllim və şagirdlər, şəhid ailələrinin üzvləri, qəsəbə sakinləri qatılıblar.
Əvvəlcə qonaqlar məktəbdə yaradılmış şəraitlə, həmçinin şagirdlərin maraqlı rəsmlərindən ibarət sərgi və gələcəyimizin cəsur əsgərləri – yuxarı sinif şagirdlərinin hazırladıqları hərbi vətənpərvərlik nömrələri ilə tanış olublar. Professor Eldar Quliyev məktəbin xatirə kitabına ürək sözlərini yazıb. Kütləvi informasiya vastələrinə müsahibə verərək məktəblə bağlı təəssüratlarını bölüşüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, qəhrəman şəhidlərimizin, məktəbin dünyasını dəyişmiş müəllim və məzunlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Yubiley tədbirində çıxış edən məktəbin direktoru Gülnarə Hənifəyeva qonaqları salamlayaraq təhsil ocağının keçdiyi uğurlu yoldan danışıb. Qeyd edib ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1955-ci ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb. Hal-hazırda məktəbdə 108 sinifdə 3000-dən çox şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 164 müəllim məşğuldur. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev bütün tədbir iştirakçılarını salamlayaraq olduqca duyğulu və qürurverici bir gün yaşadığını qeyd edib. Bildirib ki, insanın həyatda qazandığı bütün uğurların təməlində onun məktəbi, müəllimi, aldığı mənəvi tərbiyə dayanır və mən də böyük fəxr hissi ilə deyirəm ki, həyat yolumun ilk və ən mühüm addımları məhz Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğıdan söz açan natiq, həmçinin, müəllimlərin cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs peşə sahibləri olduqlarını qeyd edib. Dünyasını dəyişmiş müəllimlərinin, eləcə bu məktəbin məzunu olmuş şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad edib, illər boyu məktəbin adını uca tutan bütün pedaqoji kollektivə minnətdarlığımı bildiririb. Doğma məktəbini 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək bütün müəllim və şagirdlərə möhkəm cansağlığı, uğurlar və gələcəkdə yeni-yeni nailiyyətlər arzulayıb. “90 il – bir məktəbin tarixində sadəcə rəqəm deyil. Bu, nəsillərin formalaşdığı, ziyalıların yetişdiyi, Vətəninə, xalqına layiqli övladların bəxş edildiyi böyük bir məktəb salnaməsidir. Bu təhsil ocağı uzun illər ərzində yalnız bilik verməyib, həm də milli-mənəvi dəyərlərimizi, vətənpərvərlik ruhunu, insanlıq və xeyirxahlıq kimi ali keyfiyyətləri gənc nəslə aşılayıb.” Çıxışının sonunda Eldar Quliyev üzünü gənclərə tutaraq vurğulayıb ki, siz xoşbəxt nəsilsiniz və Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən güclü və qalib Azərbaycanın vətəndaşları kimi müasir biliklərə yiyələnmək, dövlətimizə və xalqımıza layiqli xidmət etmək sizin ən böyük vəzifənizdir. İnanıram ki, bu məktəbin yetirmələri bundan sonra da ölkəmizin inkişafında mühüm rol oynayacaq, Azərbaycanın adını daim zirvələrə ucaldacaqlar.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev 90 illik yubileyi münasibətilə 187 nömrəli orta məktəbə ona doğma olan bu təhsil ocağının rəsmi toxunmuş bir xalça hədiyyə edib.
Tədbirdə çıxış edən digər natiqlər də əlamətdar yubiley münasibətilə məktəbin bütün kollektivini, veteran müəllimlərini, məzunlarını və şagirdlərini ürəkdən təbrik edərək hər birinə möhkəm cansağlığı və uğurlar arzulayıblar. Qeyd ediblər ki, məktəbin nailiyyətlərinin əsasında, ilk növbədə, müəllim zəhməti, pedaqoji peşəyə sədaqət və şagirdlərə olan sonsuz sevgi dayanır. Hazırda bu məktəbin məzunları arasında elm, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə ölkəmizə layiqincə xidmət edən nüfuzlu şəxslərin olması məktəbin yüksək təhsil ənənələrinin ən gözəl göstəricisidir. Bu, həm müəllimlər üçün böyük qürur, həm də bugünkü şagirdlər üçün əsl nümunədir. Natiqlər əmin olduqlarını bildiriblər ki, 187 nömrəli məktəb gələcəkdə də bu inkişaf yolunda öz ənənələrini uğurla davam etdirəcək.
Yubiley tədbirinin sonunda şagirdlər hazırladıqları rəqs, musiqi və bədii kompozisiyalarla öz istedadlarını nümayiş etdiriblər.





















