May ayının 23-də Suraxanı Rayonu Ağsaqqallar Şurası Qaraçuxur qəsəbəsində növbəti iclasını keçirib.
İclasda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – rayonun fəxri sakini Hicran Şərifov və şəhid Muxtar Qasımlının atası Əli Qasımlı çıxış ediblər.
Hicran Şərifov çıxışında tədbir iştirakçılarını müəyyən səbəblərdən iclasda iştirak edə bilməyən Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin və öz adından salamlayıb. Bütün ağsaqqalları qarşıdan gələn Qurban bayramı və 28-May Müstəqillik Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra natiq Rayon Ağsaqqallar Şurasının son dövrdəki fəaliyyətindən, aparılan təşkilatlanma işlərindən ətraflı bəhs edib. Vurğulayıb ki, yerli təşkilatın sıraları müəllimlər, keçmiş hərbçilər və polislər, təqaudçülər, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və digər peşə sahibləri hesabına gündən-günə artır və zənginləşir. Hicran Şərifov, həmçinin, qarşıda duran vəzifələrdən və gələcək planlardan da söz açıb. Əmin olduğunu bildirib ki, Rayon Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə öz işlərinin öhdəsindən layiqincə gələcəklər.
Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin digər müavini, şəhid Muxtar Qasımlının atası Əli Qasımlı da çıxış edərək hər kəsi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, bu bayramın müsəlmanlar üçün xüsusi mənəvi dəyər kəsb etdiyini vurğulayıb. Natiq, həmçinin, Rayon Ağsaqqallar Şurasının üzvlərinin fəaliyyətindən danışıb, cəmiyyətimizin, xüsusilə də gənclərin ağsaqqalların dəyərli tövsiyələrinə və müdrik məsləhətlərinə daim ehtiyacları olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Qaraçuxur qəsəbəsi Ağsaqqallar Şurasının sədri Zeynal Məmmədov bütün iclas iştirakçılarını salamlayaraq, onları qəsəbədə görməkdən məmnun olduğunu bildirib. Qəsəbə ağsaqqallarının fəaliyyətindən bəhs edən natiq ərizə ilə müraciət edərək Rayon Ağsaqqallar Şurasına üzv olmaq arzusunda olan namizədlərin sənədlərini təqdim edib və keçirilən səsvermə nəticəsində həmin namizədlər yekdilliklə Suraxanı Rayon Ağsaqqallar Şurasına üzv seçiliblər.
Sonra iclas bir sıra cari məsələlərin müzakirəsi ilə davam etdirilib, sonda xatirə şəkilləri çəkilib.









