Əziz həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı, eləcə də Türk və İslam aləminin milyonlarla nümayəndəsini müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və firavan həyat arzulayırıq! Bu əziz günlərdə edilən duaların, kəsilən qurbanların uca Allah dərgahında qəbul olunmasını, Vətənimizin tərəqqisi, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın rifahı və firavan gələcəyi naminə bütün xoş niyyətlərin gerçəkləşməsini diləyirik!
İnsanları mənəvi saflığa, xeyirxahlığa, mərhəmətə və fədakarlığa səsləyən müqəddəs Qurban bayramı uca Allah qarşısında sədaqətin, iman və etiqadın, humanizm və mənəvi ucalığın təcəssümü olmaqla yanaşı, cəmiyyətimizdə sosial həmrəyliyin, milli birliyin və mənəvi dəyərlərin yaşadılmasına xidmət edən əziz bayramlardan biridir. Bu müqəddəs günlərdə şəhid ailələrinin, qazilərimizin, ahıllarımızın, kimsəsiz və aztəminatlı insanların ziyarət olunması, onlara diqqət və qayğı göstərilməsi xalqımızın yüksək mənəviyyatının və zəngin milli-mədəni irsinin bariz nümunəsidir. Əsrlər boyu formalaşmış bu ali dəyərlər Azərbaycan xalqının mənəvi gücünü, milli kimliyini və humanist mahiyyətini müasir dövrdə də yaşatmaqdadır.
Bu gün Azərbaycan dünyada tolerantlıq, multikulturalizm və milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi kimi tanınır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti nəticəsində ölkəmizdə milli və dini dəyərlər daim yüksək tutulmuş, xalqımızın mənəvi irsinin qorunmasına xüsusi diqqət göstərilmişdir. Bu siyasət hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini etiqad azadlığının təmin olunması, müqəddəs ibadət ocaqlarının bərpası və milli-mənəvi həmrəyliyin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da milli-mənəvi dəyərlərimizin qorunması və dini-mədəni irsimizin yaşadılması istiqamətində həyata keçirdiyi mühüm layihələr bu sahədə görülən işlərə xüsusi töhfə verməkdədir.
Xalqımız böyük qürur hissi ilə müqəddəs Qurban bayramını artıq suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş qüdrətli Azərbaycanda qeyd edir. Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində Qarabağda və Şərqi Zəngəzurda bu müqəddəs bayram böyük sevinc, fəxr və mənəvi yüksəliş hissi ilə qarşılanır. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərimizin sevinc dolu həyatı, şəhər və kəndlərimizin yenidən dirçəldilməsi müasir Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin parlaq təcəssümüdür.
Hörmətli soydaşlarımız!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bir daha hər birinizi müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə sevinc və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq! Qoy müqəddəs bayram hər bir ocağa nur, mərhəmət, birlik və səadət gətirsin!
Uca Allah xalqımızı və dövlətimizi daim qorusun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
çoxsaylı üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV