Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Masallı və Salyan rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib

İyun ayının 10-da Azərbaycan Ağsaqqallar Şurasının Masallı və Salyan rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib.

Tədbirlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Masallı Rayon İcra Hakimiyyətini başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfranslarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin rəhbər şəxsləri öz çıxışlarında qeyd ediblər ki, rayonlarda böyük hörmət və nüfuz sahibi olan ağsaqqallar mütəmadi olaraq səmərəli görüşlər, maarifləndirici tədbirlər keçirirlər. İctimai fəallıqları ilə seçilən  ağsaqqallar cəmiyyətimizdəki bir sıra nöqsanların aradan qaldırılmasında,  gənclərimizin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında önəmli rol oynayırlar. Natiqlər, həmçinin, bildiriblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin hər zaman ağsaqqallara göstərdiyi böyük diqqət və qayğı  hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra Masallı Rayon Ağsaqqallar Şurasının sədri  Ələşrəf Niftiyev və Salyan Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev hesabat dövrü ərzində görülən işlər barədə məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq gənclərin maarifləndirilməsi, əhalinin sosial-məişət problemlərinin həll  edilməsi və eləcə də narkomaniyanın, boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətində tədbirlər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər. Sədrlər, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunlarından və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, bundan sonra da Masallı və Salyan rayonlarının ağsaqqalları ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edərək Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Konfranslarda çıxış edən digər natiqlər də ölkəmizdə ağsaqqal sözünə, ağsaqqal böyüklüyünə verilən yüksək dəyərdən danışıblar. Dövlət başçısı ilə yanaşı, rayon rəhbərlərinin də ağsaqqallara olan səmimi münasibətlərini  dilə gətirərək, bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov öz çıxışlarında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Görülən işləri qənaətbəxş hesab edərək, gələcəkdə ağsaqqalların Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının qərarında, möhtərəm Prezidentimizin müraciətində qarşıya qoyulan vəzifələrə uyğun olaraq öz fəaliyyətlərini daha da artıracaqlarına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizdəki problemlərin həlli, xüsusilə də boşanmaların, erkən nikahların qarşısının alınması və bununla bağlı gənclərimizin maarifləndirilməsi üçün öz səylərini əsirgəməməlidirlər. O, Ulu Öndər Heydər Əliyevin tərəqqi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş şəhər və rayonlarımızda görülən bərpa-quruculuq işlərindən, insanların rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən səmərəli sosial-iqtisadi islahatlardan da ətraflı söz açıb. Çıxışının sonunda hər iki rayonun ağsaqqallarına möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfranslarda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Ələşrəf Niftiyev Masallı Rayon Ağsaqqallar Şurasının, Məhəmməd Ağayev isə Salyan Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.