Xəbərlər

Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyun ayının 12-də Sabunçu rayonu Maştağa qəsəbəsi Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Maştağa qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ağanəcəf Qədirov, Bakıxanov qəsəbəsi Ağsaqqallar Şurasının sədri Sabir İsayev, məktəbin direktoru Gülnarə Hənifəyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayonu Maştağa qəsəbə özəyinin sədri Mustafa Mustafayev, “Cyber Fort” şirkətinin təsisçisi və direktoru, kiberkriminalist, qazi Səfərəli Əliyev, eləcə də digər qazilər, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Giriş nitqi ilə çıxış edən məktəbin direktoru Gülnarə Hənifəyeva qonaqları salamlayaraq 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Həmçinin zərərli vərdişlərin həyat və sağlamlığa təsirlərindən söz açıb, düzgün həyat seçimi və sağlam həyat tərzinin vacibliyini vurğulayıb.

Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov öz çıxışında Azərbaycan dövlətçiliyinin qurtuluş günündən – xilaskarlıq missiyasını öz üzərinə götürərək Vətənimizi parçalanmaq və məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndər Heydər Əliyevin ölkədə siyasi sabitlik yaradaraq respublikamızın müstəqilliyini qoruyub saxlamasından, onu dinamik inkişaf yoluna çıxarmasından danışıb. Qeyd edib ki, bu gün də dahi şəxsiyyətin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir, hərtərəfli inkişaf yolu keçən və beynəlxalq nüfuzu durmadan artan ölkəmiz regionun lider dövlətinə çevrilir. Natiq, həmçinin, gənc nəslin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması barədə də geniş çıxış edib. Gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verib. Bildirib ki, gənc nəslin zərərli vərdişlərdən qorunması üçün Azərbaycan Ağsaqqallar Şurası, eləcə Şuranın Sabunçu rayon təşkilatı bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsini davam etdirəcəkdir.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev hər kəsi Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Göstərilən səmimi münasibətə və təşkilati işlərin yüksək səviyyədə həyat keçirilməsinə görə məktəbin direktoruna və pedaqoji kollektivinə öz minnətdarlığını bildirib. Azərbaycanın taleyində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü barədə fikirlərini bölüşən natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə daxili siyasi sabitliyin bərqərar olunmasında, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və respublikamızın davamlı inkişaf yoluna çıxarılmasında müstəsna rol oynamışdır. Kamal Əliyev Milli Qurtuluş Gününə həsr olunmuş bu tədbirin eyni zamanda çox mühüm bir mövzunu da əhatə etdiyini vurğulayıb. Bildirib ki, insanın gələcəyini müəyyən edən ən vacib məsələlərdən biri onun həyat tərzidir. Sağlam həyat tərzi seçən insan həm özünə, həm ailəsinə, həm də cəmiyyətə fayda verir. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin qarşısının alınmasından ətraflı bəhs edən natiq şagirdlərə, gənclərə müraciət edərək onları gələcəklərinə ciddi zərbə vura bilən zərərli vərdişlərdən – siqaret, narkotik vasitələr, alkoqol, qumar və internet asılılığından uzaq olmağa, faydalı işlərlə məşğul olmağa çağırıb. Əmin olduğunu bildirib ki, gənclərimiz öz sağlamlıqlarını qoruyaraq, yaxşı dostlar mühitində vaxtlarını səmərəli keçirəcəklər, idmanla məşğul olacaq, kitab oxuyub biliklərini artıracaqlar.

Tədbirdə çıxış edən digər natiqlər də dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan xalqının Milli Qurtuluş Günündən ətraflı bəhs ediblər. Eyni zamanda zərərli vərdişlərin fəsadlarından danışaraq, şagirdlərə bu təhlükəli meyillərdən uzaq olmaq üçün qiymətli məsləhət və tövsiyələr veriblər.

Tədbir bədii hissə ilə davam edib. Məktəbin şagirdləri narkomaniyanın fərd, ailə və cəmiyyət üçün doğurduğu acı nəticələri təsirli səhnəciklərlə nümayiş etdiriblər, eləcə də musiqi və rəqs nömrələri təqdim ediblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.