Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Kəlbəcər, Daşkəsən və Gədəbəy rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib

İyun ayının 17-də və 18-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifovun iştirakı ilə Kəlbəcər rayonunda hesabat, Daşkəsən və Gədəbəy rayonlarında isə hesabat-seçki konfransları keçirilib.

Konfranslarda, həmçinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısı Orxan Abbasov, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, eləcə də YAP və digər rayon təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfranslarda çıxış edən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyətdəki əhəmiyyətli rolundan bəhs ediblər. Onların şəhər və rayonlarımızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdiklərini, ölkəmizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildiriblər. Vurğulayıblar ki, hər üç rayonun ağsaqqalları cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Natiqlər çıxışlarının sonunda konfransların işinə uğurlar arzulayıblar.

Sonra Kəlbəcər  Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədovun, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin və Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun hesabat dövrü ərzində təşkilatların fəaliyyətləri barədə məruzələri dinlənilib. Sədrlər bildiriblər  ki, fəaliyyətlərini Şuranın Nizamnaməsi, Əsasnaməsi və İş planları əsasında quran yerli təşkilatların üzvləri rayonlarda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi və maddi dəstək olublar, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Öz çıxışlarında natiqlər Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından, orada qaldırılan aktual məsələlərdən də ətraflı bəhs ediblər. Bildiriblər ki, gələcək fəaliyyətlərində Qurultayın qərarlarından və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qurultaya ünvanladığı müraciətdən irəli gələn vəzifələri əsas tutaraq üzərlərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlar.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından  tədbir iştirakçılarını salamlayıb. Hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Bununla yanaşı bildirib ki, tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz hər zaman səmərəli fəaliyyət gözləyir. Xüsusilə gənclərlə daha çox iş aparmaq, eyni zamanda onların enerjisi ilə ağsaqqalların müdrikliyini birləşdirərək böyük uğurlar qazanmağın mümkün olduğunu vurğulayıb.  Qeyd edib ki, özündə insanlığa xas olan bütün müsbət keyfiyyətləri birləşdirən ağsaqqallar daim cəmiyyətin istiqamətverici qüvvəsi olmalı, təcrübələrindən, bilik və bacarıqlarından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə etməlidirlər. Sonra Bayram Yusifov bu günlərdə ölkəmizdə geniş şəkildə qeyd edilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edərək, bu əlamətdar tarixlə bağlı öz fikirlərini  bölüşüb. Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, ölkədə siyasi sabitlik yaradaraq respublikamızın müstəqilliyini qoruyub saxlamasından və onu dinamik inkişaf yoluna çıxarmasından ətraflı bəhs edib. Vurğulayıb ki, Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tərəqqi və zəfər yolunu hazırda uğurla davam etdirir. Sonra natiq bütün dünya azərbaycanlılarının, Türk dünyasının ən böyük arzusunu həyata keçirən, Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsindən, xalqımızın, xüsusilə gənclərimizin həmin dövrdə nümayiş etdirdikləri yüksək vətənpərvərlik və qəhrəmanlıqlardan, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən uğurlu siyasəti nəticəsində əldə edilən dayanıqlı iqtisadi tərəqqidən, davamlı sabitlikdən, gündən-günə artan beynəlxalq nüfuzumuzdan və digər nailiyyətlərimizdən geniş söz açıb. Bildirib ki, bu gün Azərbaycan dünyanın hər yerindən qalib, məğrur və qüdrətli görünür. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara uzun və sağlam ömür, iş avandlığı arzulayıb.

Daşkəsən və Gədəbəydə keçirilən konfranslarda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatlarının sədri vəzifəsinə yenidən Cavanşir Qocayevin və Kərəm Məmmədovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə Cavanşir Qocayev Daşkəsən Rayon Ağsaqqallar Şurasının, Kərəm Məmmədov isə Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və digər konfrans iştirakçıları yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.