İyun ayının 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, eləcə də şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Həmçinin son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Şəhər əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. Zakir Fərəcov ağsaqqalların daim ictimai-siyasi proseslərdə, eləcə də şəhərin sosial-mədəni həyatında yaxından iştirak etdiklərini bir daha qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Sumqayıtda növbəti dəfə ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Vurğulayıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ağsaqqallara böyük diqqət və qayğı ilə yanaşır. Sonra natiq öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz rolundan ətraflı bəhs edib. Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa etməsindən, Qarabağda və Şərqi Zəngəzurda gedən geniş quruculuq işlərindən, Böyük Qayıdışdan, eləcə də dövlət başçısının dünya liderləri ilə yaxın münasibətlərindən, Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzundan və ötən dövr ərzində əldə edilən digər nailiyyətlərdən geniş söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi bu gün də ağsaqqallarımız möhtərəm Prezidentimizi qətiyyətlə dəstəkləyirlər. Daha sonra ağsaqqallar institutunun Azərbaycan cəmiyyətindəki tarixi missiyasından bəhs edən Eldar İbrahimov vurğulayıb ki, dövlətçiliyimizin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin sağlam inkişafında ağsaqqalların rolu əvəzsizdir. Bu səbəbdən ağsaqqallar daim dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir.
Sonra konfransda təşkilati məsələlər müzakirə olunub. Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyevin başqa bir işə keçməsi səbəbindən təşkilatın sədri kimi fəaliyyətinə xitam verməsi ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə ərizə ilə müraciət etdiyi üçün həmin vəzifəyə şəhərin nüfuzlu ağsaqqalı Eldar İsmayılovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, şəhərin ictimai-siyasi və mədəni həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Eldar İsmayılov bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Eldar İsmayılov Sumqayıt Şəhər Ağsaqqallar Şurasına sədr seçilib.
Konfransda bir daha çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təşkilata Eldar İsmayılov kimi nüfuzlu ziyalının sədr seçilməsini müsbət dəyərləndiriblər. Eldar İsmayılova və Şuranın bütün üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq əmin olduqlarını vurğulayıblar ki, ağsaqqallar həyata keçirdikləri işləri bundan sonra da yüksək səviyyədə davam etdirəcəklər.
Konfransda çıxış edən digər natiqlər də ölkədə ağsaqqallara göstərilən yüksək dövlət qayğısından danışaraq Sumqayıt Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin gələcəkdə də şəhərin ictimai-mədəni həyatına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda yeni seçilmiş sədr Eldar İsmayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib, ağsaqqalların cəmiyyətin mənəvi dayağı kimi fəaliyyətlərini daha da gücləndirəcəklərini, gənclərlə işin, maarifləndirmə tədbirlərinin və ictimai təşəbbüslərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.
Konfrans qarşıda duran vəzifələrin müzakirəsi və təşkilati məsələlərin həlli ilə başa çatıb.









