İyun ayının 25-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik, görkəmli ictimai-siyasi xadim, tanınmış iqtisadçı alim, müdrik ağsaqqal Ziyad Səmədzadənin 86 yaşı tamam olur.
Azərbaycan elminin, ictimai fikir tarixinin və dövlətçilik ənənələrinin inkişafında müstəsna xidmətləri olan Ziyad Səmədzadə xalqımızın yetişdirdiyi ən nüfuzlu ziyalılardan biridir. O, zəngin həyat yolu, yüksək intellekti, dərin elmi təfəkkürü, prinsipial vətəndaş mövqeyi, milli maraqlara sədaqəti ilə uzun illərdir ki, cəmiyyətimizdə böyük hörmət və rəğbət qazanmışdır. Akademik Ziyad Səmədzadənin çoxşaxəli fəaliyyəti Azərbaycan iqtisadiyyatının elmi əsaslarla öyrənilməsi, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində mühüm mərhələ təşkil edir. Onun müəllifi olduğu yüzlərlə elmi əsər, monoqrafiya və fundamental tədqiqatlar iqtisadiyyat elminin inkişafına dəyərli töhfə olmaqla yanaşı, bir neçə nəsil iqtisadçı alim və mütəxəssisin yetişməsində mühüm rol oynamışdır.
Ziyad müəllimin ictimai-siyasi fəaliyyəti də xüsusi təqdirəlayiqdir. O, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının Ali Sovetinin və Milli Məclisinin deputatı kimi dövlətçilik maraqlarının müdafiəsində, ölkəmizin tərəqqisinə xidmət edən mühüm qərarların qəbulunda yaxından iştirak etmiş, xalqın sevgisini və etimadını daim doğrultmuşdur. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların qorunması istiqamətində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və o, ölkəmizin ali mükafatlarına – “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə və digər təltiflərə layiq görülmüşdür.
Ulu Öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətini ardıcıl şəkildə dəstəkləyən Ziyad Səmədzadə bu gün də öz zəngin təcrübəsi, dərin biliyi və müdrik məsləhətləri ilə ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi milli-mənəvi dəyərlərimizin qorunması, ağsaqqallıq ənənələrinin yaşadılması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verir.
86 illik şərəfli ömür yolu keçən Ziyad müəllim zəhmətkeşliyi, ziyalılığı, insanpərvərliyi və müdrikliyi ilə cəmiyyətimiz üçün əsl nümunədir. Onun həyat və fəaliyyət yolu Azərbaycan ziyalısının ən yüksək mənəvi keyfiyyətlərinin parlaq təcəssümüdür.
Bu xoş fürsətdən istifadə edərək ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqal, görkəmli alim, alicənab şəxsiyyət Ziyad Səmədzadəni doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV