İyun ayının 25-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş iclası keçirilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, akademik Urxan Ələkbərov, professor Aqiyə Naxçıvanlı, Akif Rəfiyev, Həsən Zeynalov, həmçinin millət vəkili Səttar Mehbalıyev və Xanlar Vəliyev, eləcə də Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Əvvəlcə tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Eldar Quliyev 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi və onun rəhbərliyi ilə Vətənimiz naminə şərəflə xidmət edən rəşadətli Azərbaycan Ordusunun bütün rəhbər və şəxsi heyətini, igid əsgər və zabitlərimizi, hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı və hər bir vətənpərvər övladımızı Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edib, ölkəmizin tərəqqisi uğrunda həyata keçirdikləri ali və misilsiz xidmətlərində uğurlar arzulayıb. Sonra natiq ölkəmizin müstəqillik əldə etdikdən əvvəl və sonrakı tarixdə keçdiyi ağır sınaqlardan ətraflı söz açıb. Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın inkişaf yolundan bəhs edib. Həmçinin Ümummilli Liderimizin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edən qüdrətli Azərbaycan Ordusunun dövlətçilik və milli təhlükəsizliyin təmin olunmasındakı rolunu xüsusi vurğulayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində qəhrəman əsgər və zabitlərimizin tarixi torpaqlarımızı işğaldan azad etməsindən, qazandığımız böyük Qələbədən danışıb. Qeyd edib ki, qüdrətli Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevrilmişdir və regionda sülhün, əmin-amanlığın, sabitliyin qarantıdır. Hazırda hər bir əsgər və zabitimiz Vətənə sədaqətlə xidmət edir, andına və dövlətə sədaqət nümunəsi göstərir. Torpaqlarımızın qorunmasında və müdafiəsində şücaət göstərən qəhrəman hərbçilərimizin fədakarlığı bizim qürur mənbəyimizdir. Eldar Quliyev bu əlamətdar gündə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından unudulmaz şəhidlərimizin əziz xatirəsini bir daha böyük hörmətlə yad edib, onların ailələrinə dərin ehtiramını bildirib. Qazilərimizə Allahdan şəfa diləyib, onların göstərdiyi rəşadət və iradəni minnətdarlıqla qeyd edib. Əmin olduğunu bildirib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrəti daha da möhkəmlənəcək, qalib Ordumuz daim yüksək hazırlıq səviyyəsində olacaq, vətənpərvərlik ruhunda yetişən gənc nəsil bu şərəfli yolu uğurla davam etdirəcəkdir.
Sonra çıxış edən Əhliman Əmiraslanov, Eldar İbrahimov, Ağalar Vəliyev, Abel Məhərrəmov və başqaları bu gün Ulu Öndər Heydər Əliyevin Ordu quruculuğu sahəsindəki nailiyyətlərini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi sayəsində Milli Ordumuzun hərbi hazırlığının, peşəkarlığının, maddi-texniki təchizatının, döyüş və müdafiə qabiliyyətinin ən yüksək səviyyədə olduğunu vurğulayıblar. Bütün dünyanın 44 günlük Vətən müharibəsində bunun bariz nümunəsinin şahidi olduğunu qeyd ediblər. Bu əlamətdar bayram – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi və daim Vətənimizin keşiyində ayıq-sayıq duran Ordumuzun hər bir əzmkar nümayəndəsini ürəkdən təbrik edərək onlara şərəfli və məsuliyyətli xidmətlərində davamlı uğurlar, yeni-yeni zəfərlər diləyiblər.
Daha sonra təşkilati məsələlər müzakirə olunub. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev İdarə Heyətinin fəaliyyətini daha da genişləndirmək və gücləndirmək üçün heyətə yeni üzvlərin – millət vəkili Səttar Mehbalıyevin və Xanlar Vəliyevin namizədliyini irəli sürüb. Səsvermə yolu ilə hər iki namizəd yekdilliklə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə üzv seçiliblər.
Tədbir iştirakçıları İdarə Heyətinin üzvləri sıralarına tanınmış şəxsiyyətlərin, görkəmli ziyalıların qatılmağını böyük məmnuniyətlə qarşılayıblar. Onların Şuranın fəaliyyətini daha da gücləndirəcəklərinə əminliklərini ifadə edərək, yeni heyət üzvlərinə gələcək işlərində uğurlar arzulayıblar.
Göstərilən yüksək etimada görə öz təşəkkürlərini bildirən millət vəkili Səttar Mehbalıyev və Xanlar Vəliyev Azərbaycan Ağsaqqallar Şurasının daha aktiv fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Sonda İdarə Heyətinin üzvlərinə vəsiqələr təqdim olunub və xatirə şəkli çəkilib.













