26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi, şanlı Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətini, qəhrəman əsgər və zabitlərimizi, hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı, eləcə də ölkəmizin təhlükəsizliyi və müdafiəsi naminə şərəflə xidmət göstərən bütün Vətən övladlarını ürəkdən təbrik edir, möhkəm cansağlığı, yüksək mübarizə əzmi və uğurlar arzulayırıq!
Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin qüdrətini, xalqımızın mübarizlik ruhunu, milli həmrəyliyini və vətənpərvərlik ənənələrini təcəssüm etdirən ən əziz və qürurverici bayramlarımızdan biridir. Bu əlamətdar gün Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın şücaətinin, dövlətimizin hərbi gücünün və Xalq-Ordu birliyinin təntənəsidir.
Azərbaycan Ordusunun bugünkü qüdrətinin təməlində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri dayanır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə peşəkar Ordu quruculuğunun möhkəm əsasları yaradılmış, milli hərbi kadr hazırlığı sistemi formalaşdırılmış, Silahlı Qüvvələrimizin inkişaf strategiyası müəyyən edilmişdir. Məhz bu möhkəm təməl üzərində yüksələn Azərbaycan Ordusu bu gün dünyanın ən müasir və güclü orduları sırasında layiqli yer tutmuşdur. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyət sayəsində Azərbaycan Ordusu son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, hərbi potensialı, döyüş hazırlığı, peşəkarlığı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənmişdir. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü hərbi qüvvəsinə çevrilərək ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı olmuşdur.
Azərbaycan xalqının çoxəsrlik qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində qazanılmış möhtəşəm Zəfər dövlətimizin gücünü, xalqımızın yenilməz iradəsini və Ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdilər və xalqımızın 30 ildən çox davam edən həsrətinə son qoydular. Bu gün qalib Azərbaycan Ordusu ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının keşiyində qətiyyətlə dayanır. Ordumuzun hər bir əsgəri və zabiti yüksək vətənpərvərlik ruhu, dövlətə və xalqa sədaqəti ilə gənc nəslə örnək olur. Onların fədakar xidməti nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf yolunda inamla irəliləyir. Əminik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bundan sonra da öz qüdrətini daha da artıracaq, dövlətimizin hərbi gücü möhkəmlənəcək, xalqımızın təhlükəsizliyi etibarlı şəkildə qorunacaq, ölkəmiz yeni uğurlara və zəfərlərə imza atacaqdır.
Silahlı Qüvvələr Günündə xalqımızın azadlığı və dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik. Şəhid ailələrinə və yaxınlarına ən səmimi ehtiramımızı bildirir, qəhrəman qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Məhz onların göstərdiyi rəşadət, qəhrəmanlıq və fədakarlıq sayəsində Azərbaycan xalqı qalib xalq kimi tarix yazmışdır.
Bu əlamətdar bayram münasibətilə bir daha Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, hərbi qulluqçularını, veteranlarını, qazilərini və vətənpərvər gənclərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə yüksək döyüş ruhu, şərəfli xidmətlərində uğurlar, ailələrinə xoşbəxtlik və firavanlıq arzulayırıq!
Yaşasın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!
Yaşasın qüdrətli Azərbaycan dövləti!
Yaşasın qalib və yenilməz Azərbaycan Ordusu!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev