İyun ayının 29-da Ağsuda Rayon Ağsaqqallar Şurasının üzvlərinin iştirakı ilə “Zəngin irs, güclü gələcək” mövzusunda tədbir keçirilib.
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ağsu Rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Nəzərov, Birliyin sədr müavini Ayşən Hüseynova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ümid Cavid, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev, Rayon Ağsaqqallar Şurasının üzvü, fiologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, eləcə də ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə bildirilib ki, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Zəngin irs, güclü gələcək” layihəsinin icrasına başlayıb. Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ rayonlarında həyata keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə gənclər arasında milli-mənəvi dəyərlərin aşılanması, tarixə və mədəniyyətə marağın artırılması, eyni zamanda müasir texnologiyalardan istifadə etməklə bu dəyərlərin yenilikçi formada təqdim edilməsidir.
Ağsu Rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Nəzərov da tədbirdə çıxış edərək milli-mədəni irsin qorunmasını, təbliğini və gələcək nəsillərə müasir və innovativ üsullarla ötürülməsini nəzərdə tutan bu təşəbbüsü yüksək qiymətləndirib. Bu təşəbbüsə dəstək olmaq üçün rayon ağsaqqallarının əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Ağsu rayon təşkilatının da yerinə yetirdiyi əsas vəzifələrdən biri gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsidir.
Tədbirdə çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin məsuliyyətli və vətənpərvər olması ilə bağlı öz tövsiyələrini vermişlər.







