Xəbərlər

AZƏRBAYCAN POLİSİ – 108

Bu gün Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü qeyd edir. Bir əsrdən çox tarixə malik olan Azərbaycan Polisi dövlətçiliyimizin, qanunun aliliyinin, ictimai asayişin və vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı təminatçısı kimi şərəfli və məsuliyyətli bir yol keçmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinə sadiq qalan daxili işlər orqanları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında mühüm rol oynayır, ölkəmizdə sabitliyin, əmin-amanlığın və ictimai təhlükəsizliyin qorunması naminə böyük fədakarlıqla xidmət göstərir.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Polisinin peşəkarlığının artırılması, maddi-texniki bazasının müasirləşdirilməsi və daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində hörmətli Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər hüquq-mühafizə sisteminin nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr vermişdir. 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı polis əməkdaşlarının göstərdikləri yüksək peşəkarlıq, mərdlik, Vətənə sədaqət və xalqımıza ləyaqətli xidmət ən yüksək ehtirama layiqdir. Şəhid olmuş polis əməkdaşlarının əziz xatirəsini bu əlamətdar gündə bir daha dərin hörmət və ehtiramla yad edir, onların ailələrinə səbr diləyir, qazilərimizə Allahdan şəfa arzulayırıq. Əminik ki, Azərbaycan Polisi zəngin ənənələrinə sadiq qalaraq bundan sonra da dövlətimizə və xalqımıza şərəflə xidmət edəcək, ölkəmizdə əmin-amanlığın, sabitliyin və qanunun aliliyinin təmin olunması istiqamətində üzərinə düşən ali vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Bu əlamətdar gün – Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə başda hörmətli Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli xidmətlərində davamlı uğurlar arzulayırıq!

Uca Allah dövlətimizi və dövlətimizin keşiyində duranları qorusun!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.