İyul ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının Neftçala rayon təşkilatında hesabat-seçki, Biləsuvar rayonunda isə hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Şuranın İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Konfranslarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Abel Məhərrəmovu, Vaqif Şadlinskini və digər tədbir iştirakçılarını salamlayaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, Ulu Öndərin ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində xüsusi rol oynayırlar. Natiqlər əmin olduqlarını bildiriblər ki, ağsaqqallarımız gələcəkdə də ölkəmizin, o cümlədən də rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz layiqli töhfələrini verəcəklər.
Sonra Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin və Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm şəkildə gənc nəslin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən gənclərlə görüşlər keçirilir. Habelə İcra hakimiyyətləri, YAP, Veteranlar Təşkilatı və Qərbi Azərbaycan İcmasının yerli təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində bir sıra işlər həyata keçirilir. Çıxışlarının sonunda rayon sədrləri qeyd ediblər ki, üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Konfranslarda digər tədbir iştirakçıları da çıxış edərək rayon ağsaqqallarının bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin hesabatları qənaətbəxş qiymətləndirərək, ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb, hər iki rayonda növbəti dəfə ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayaraq qeyd edib ki, ağsaqqal adı böyük addır. Ağsaqqal – bütün parametrlər üzrə mükəmməl, ağıllı, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, təəssübkeş olmalı və bir çox digər müsbət keyfiyyətləri özündə birləşdirməlidir. Natiq, həmçinin, rayonların hesabatlarını, gördükləri işləri, eləcə də digər qurumlarla sıx əməkdaşlıqlarını, bir çox məsələlərdə birgə fəaliyyətlərini yüksək dəyərləndirib. Bununla yanaşı, cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının ciddi şəkildə artmasına, erkən nikahların fəsadlarına, narkomaniya bəlasının getdikcə daha çox yayılmasına da toxunaraq qeyd edib ki, ağsaqqallar bu sahədə daha fəal olmalı, maarifləndirmə işlərini artırmalı, milli ideologiyanı inkişaf etdirməli, gənclərimizə vətənpərvərlik ruhunu aşılamalı, mütərəqqi adət və ənənələrimizi qorumalı, gələcək nəslə ötürməlidirlər.
Abel Məhərrəmov Ulu Öndər Heydər Əliyevin və dahi rəhbərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan üçün misilsiz ximətlərindən də ətraflı bəhs edib. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki Heydər Əliyev kimi Ümummilli Liderimiz və onun işıqlı yolunu uğurla davam etdirən dövlət başçımız, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev var. Çıxışının sonunda natiq hər bir ağsaqqala uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında konfrans iştirakçılarını salamlayaraq, göstərilən diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Hər iki rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirərək ağsaqqallara gənclərlə aparılan maarifləndirmə işlərini, eləcə də cəmiyyətimizdə boşanmaların sayının artması və gənc nəslin zərərli vərdişlərə aludəçiliyinə qarşı fəaliyyətlərini daha da artırmağı tövsiyə edib. Sonra Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən ətraflı bəhs edən natiq vurğulayıb ki, dövlət başçısının zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. Vaqif Şadlinski çıxışı zamanı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın həyata keçirdiyi işlərdən, YAP, Qərbi Azərbaycan İcması və digər qurumlarla sıx əməkdaşlıq şəraitində aparılan yüksək fəaliyyətdən də söz açıb. Neftçala və Biləsuvar ağsaqqallarına gələcək fəaliyyətlərində davamlı nailiyyətlər diləyib.
Neftçala Rayon Ağsaqqallar Şurasının konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Əbülfəz Ağayevin namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Neftçala Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sədrin təqdimatı əsasında rayonun tanınmış ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
















