Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Zəngilan rayon təşkilatının hesabat konfransı keçirilib

İyul ayının 9-da Abşeron rayonu Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlər üçün salınan şəhərcikdə Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən danışıb. Zəngilan əhalisinin, eləcə də ağsaqqallarının məcburi köçkün həyatı yaşadıqları dövrdə nümayiş etdirdikləri yüksək vətənpərvərlik ruhundan və onların ölkəmizin tərəqqisi naminə həyata keçirdikləri aktiv fəaliyyətdən bəhs edib. Bu gün, təəssüf ki, cəmiyyətimizdə mövcud olan problemlərə – artan boşanma hallarına, narkomaniyaya və digər neqativ hallara qarşı dəyərli ağsaqqal sözünə və məsləhətinə böyük ehtiyacın olduğunu vurğulayıb. Natiq, həmçinin, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilən Zəngilan şəhərində aparılan geniş quruculuq və abadlıq işlərindən də söz açıb, zəngilanlıların mərhələli şəkildə öz doğma yurdlarına qayıtdıqlarını vurğulayıb. Növbəti tədbirlərin Zəngilanda keçirilməsi arzusu ilə konfransın işinə uğurlar arzulayıb.

Sonra Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Şura üzvləri öz işlərini dövlətimizin apardığı uğurlu siyasətdən, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə və Əsasnaməsindən, həmçinin təşkilatın IX Qurultayının qərar və tövsiyələrindən irəli gələn vəzifələr əsasında qurub. Belə ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ənənəvi olaraq olaraq yubiley yaşı çatan ağsaqqalların ad günlərinin qeyd edilməsi və digər əhəmiyyətli mövzularla bağlı tədbirlər, görüşlər keçirilir, xüsusilə boşanma hallarına və narkomaniyaya qarşı gənc nəslin maarifləndirməsi işlərinə böyük üstünlük verilir. Natiq, həmçinin, vurğulayıb ki, Rayon Ağsaqqallar Şurasının ziyalı, yazıçı və şair üzvləri Zəngilanın tarixi, coğrafiyası, toponimləri, eləcə də şəhidlərimizin qəhrəmanlıqları barədə mütəmadi olaraq əsərlər dərc etdirir, “Qızıl Zəngilan” jurnalında və “Yeni Zəngilan” qəzetində aktual mövzularla bağlı çıxışlar edirlər. Xuduş İsgəndərov çıxışının sonunda vurğulayıb ki, Zəngilan Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra da Azərbaycanın tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Tədbirdə Zəngilan Rayon Ağsaqqallar Şurasının üzvləri – Almaz Osmanova, Möhübbət Qurbanov, Salam Cavadlı, Alı Əliyev və başqaları bir sıra maraqlı təkliflərlə çıxış ediblər, xüsusilə gəncləri zərərli vərdişlərdən qorumaq üçün idman komplekslərinin, meydançaların sayının artırılmasının və onların idmana cəlb edilmələrinin əhəmiyyətini vurğulayıblar. Natiqlər Xuduş İsgəndərovun sədrliyi ilə Zəngilan Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndiriblər və təşkilata gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, növbəti dəfə Zəngilan ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirərək qeyd edib ki, ağsaqqal olan hər yerdə – ailədə, cəmiyyətdə, ölkədə daim xeyir-bərəkət və sabaha inam olur. Əgər ağsaqqal yerindədirsə, o xalqa zaval yoxdur və biz xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi çox müdrik ağsaqqalımız olub və bu gün bu dahi şəxsiyyətin ali ağsaqqallıq missiyasını, ideyalarını yaşadan yüksək intellektli, güclü, qətiyyətli dövlət başçımız – cənab İlham Əliyev kimi qüdrətli Prezidentimiz var. Bu səbəbdən hazırda Azərbaycan dünyanın hər yerindən qalib, məğrur və güclü görünür. Sonra natiq Azərbaycan Ağsaqqallar Şurasının Türk Dövlətləri Təşkilatında (TDT) yüksək səviyyədə təmsil olunması ilə bağlı fikirlərini də bölüşüb. Vurğulayıb ki, bu gün 80 şəhər, rayon təşkilatında 35 mindən çox üzvü olan və millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə öz inkişaf dövrünü yaşayan Azərbaycan Ağsaqqallar Şurası TDT-də və ölkəmizdə böyük nüfuza sahibdir. Bayram Yusifov 2009-cu ildən Şurada təmsil olunan Xuduş İsgəndərovun sədrliyi ilə Zəngilan Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək öz tövsiyə və təkliflərini də bildirib. Ulu Öndər Heydər Əliyevin tarixi sözlərini – “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirlərini tədbir iştirakçılarına xatırladaraq qeyd edib ki, bizim xalqımız möhtəşəm, güclü, qüdrətli xalqdır və bu xalqın gəncləri də hər zaman milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməlidirlər. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik. Müasir dövrdə, süni intellekt əsrində gənclərlə işin mütəmadi şəkildə davam etdirilməsini zəruri hesab edən natiq çıxışının sonunda hər bir ağsaqqala möhkəm cansağlığı, iş avandlığı diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.