Xəbərlər

Ağstafa Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş tədbir keçirilib

Ağstafa Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı “Nəsildən-nəsilə: Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib.

Həsənsu kənd tam orta məktəbin akt zalında Qərbi Azərbaycan əsilli şəxslərin, ağsaqqalların, ziyalıların, məsul şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Ağstafa Rayon Ağsaqqallar Şurası, Rayon İcra Hakimiyyəti və “Qərbi Azərbaycan İcması”nın Qazax-Ağstafa nümayəndəliyi ilə birgə təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağstafa RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, 1948-1953-cü illərdə və 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya və qovulma nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından ayrı düşdüyünü və bu gün onların varisləri burada toplaşaraq həmin həqiqətləri gələcək nəsillərə çatdırmaq missiyasını daşıdıqlarını bildirib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soydaşlarımızın ləyaqətlə öz tarixi torpaqlarına qayıdış hüququnun təmin olunması istiqamətində ardıcıl iş aparıldığını qeyd edib.

Sonra çıxış edən Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev də Qərbi Azərbaycan mövzusunun dövlət siyasətində mühüm yer tutduğunu, tarix boyu erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın deportasiyasının xalqımızın yaddaşında sağalmaz izlər buraxdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarına əmin olduğunu bildirib. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurası ilə Qərbi Azərbaycan İcması arasındakı sıx əməkdaşlıqdan da bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər – Bakı Dövlət Universitetinin müəllimi Qismət Cəfərov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa nümayəndəliyinin üzvü Səkinə Cəlilova, Tatlı kənd tam orta məktəbin direktoru Fəridə Həsənova, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və başqaları mövzu ətrafında geniş məzmunlu çıxış edərək Qərbi Azərbaycana bağlı tarixi faktları gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.