İyul ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim və dəyərli ziyalı Ağalar Vəliyevin 69 yaşı tamam olur.
Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və yüksək nüfuzu ilə seçilən Ağalar Vəliyev uzun illər ərzində dövlətçilik prinsiplərinə sarsılmaz sədaqəti, Vətənə və xalqa vicdanlı xidməti, peşəkarlığı, zəngin idarəçilik təcrübəsi və yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətimizin dərin hörmət və rəğbətini qazanmış görkəmli şəxsiyyətdir. Ağalar müəllim fəaliyyət göstərdiyi bütün sahələrdə daim yüksək məsuliyyət, təşəbbüskarlıq və fədakarlıq nümayiş etdirmiş, ölkəmizin sosial-iqtisadi inkişafına, xüsusilə inşaat və tikinti sektorunun müasir tələblərə uyğun inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə respublikamızın müxtəlif bölgələrində yüzlərlə yaşayış, sosial və istehsal təyinatlı obyektlər, strateji əhəmiyyətli infrastruktur layihələri, yollar və mühəndis qurğuları uğurla həyata keçirilmiş, ölkəmizin abadlaşmasına və müasirləşməsinə əvəzsiz xidmətlər göstərilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçicilərinin etimadını hər zaman yüksək məsuliyyətlə doğruldan Ağalar Vəliyev dövlətimizin və xalqımızın maraqlarını daim uca tutmuş, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına sadiq qalmış, bu siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ardıcıl şəkildə dəstəkləyərək ölkəmizin tərəqqisi naminə yorulmadan fəaliyyət göstərmişdir. Vətəndaşların sosial problemlərinin həllinə göstərdiyi həssas münasibət, xeyriyyəçilik fəaliyyəti, humanist təşəbbüsləri və insanların rifahına xidmət edən nəcib əməlləri onun cəmiyyətdə qazandığı yüksək nüfuzun əsas göstəricilərindəndir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi Ağalar Vəliyev təşkilatın fəaliyyətinin daha da genişlənməsi, ağsaqqallıq institutunun nüfuzunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük fədakarlıq və əzmkarlıq nümayiş etdirir. Onun təşəbbüsü ilə şəhər və rayon təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, ağsaqqalların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili, müqəddəs Həcc ziyarətlərinin həyata keçirilməsi, həmçinin bayram və əlamətdar günlərdə ağsaqqallara göstərilən diqqət və qayğı, xeyriyyə aksiyaları və digər sosial layihələr təşkilatın fəaliyyətinə xüsusi töhfə vermişdir. Eyni zamanda, gənclərin milli ruhda, vətənpərvərlik və dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyəsi istiqamətində gördüyü ardıcıl işlər böyük təqdirə layiqdir.
Ağalar Vəliyevin dövlət və cəmiyyət qarşısındakı xidmətləri daim yüksək dəyərləndirilmiş və o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilmişdir.
Şərəfli ömrünü Azərbaycan dövlətinə və xalqına xidmətə həsr etmiş, yüksək mənəviyyatı, alicənablığı, xeyirxahlığı və nəcibliyi ilə seçilən dəyərli ağsaqqal, vətənpərvər ziyalı, nüfuzlu ictimai-siyasi xadim Ağalar Vəliyevi şərəfli ömrünün 69-cu ildönümü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz həyat enerjisi, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahı və milli-mənəvi dəyərlərimizin qorunması naminə həyata keçirdiyi çoxşaxəli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV