Xəbərlər

VAQİF ƏHMƏDOV – 75

İyul ayının 24-də Şəki Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı, dəyərli ziyalı və nüfuzlu ağsaqqal Vaqif Əhmədovun 75 illik yubileyi tamam olur.

Vaqif Əhmədov ömrünün mənalı və şərəfli yolunu xalqına, dövlətinə və doğma Vətəninə vicdanla xidmətə həsr etmiş, həyatının bütün mərhələlərində yüksək vətəndaşlıq mövqeyi, dövlətçilik prinsiplərinə sarsılmaz sədaqəti, dürüstlüyü və məsuliyyət hissi ilə seçilmiş nümunəvi ziyalıdır. Onun keçdiyi zəngin həyat yolu fədakar əməyin, vətənpərvərliyin və mənəvi kamilliyin parlaq təcəssümüdür. Əmək fəaliyyətinə gənc yaşlarından başlayan Vaqif müəllim uzun illər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə böyük peşəkarlıq və yüksək məsuliyyətlə xidmət etmiş, qanunun aliliyinin təmin olunması, ictimai asayişin və sabitliyin qorunması naminə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən I Qarabağ müharibəsində göstərdiyi fədakarlıq və igidlik onun Vətənə bağlılığının, dövlətə sədaqətinin və vətəndaşlıq borcuna sadiqliyinin bariz ifadəsidir. Müharibə veteranı kimi qazandığı hörmət və ehtiram, hüquq-mühafizə orqanlarındakı nümunəvi xidməti ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərinin də təzahürüdür.

Təqaüdə çıxdıqdan sonra da ictimai fəaliyyətdən kənarda qalmayan Vaqif Əhmədov bütün bilik və həyat təcrübəsini cəmiyyətimizin inkişafına, milli həmrəyliyin möhkəmləndirilməsinə və ağsaqqallıq ənənələrinin yaşadılmasına yönəltmişdir. Hazırda Şəki Rayon Ağsaqqallar Şurasının sədri kimi göstərdiyi səmərəli fəaliyyət, təşkilatçılıq bacarığı və təşəbbüskarlığı sayəsində rayon təşkilatının işi daha da canlanmış, ağsaqqallıq institutunun nüfuzu yüksəlmiş, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm uğurlar əldə olunmuşdur. Vaqif müəllimin rəhbərliyi ilə gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin təşviqi, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğının artırılması, eləcə də müxtəlif sosial və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. O, zəngin həyat təcrübəsi, müdrikliyi, təmkinli davranışı və şəxsi nümunəsi ilə həm yaşlı, həm də gənc nəslin böyük hörmətini qazanmış, cəmiyyətimizdə ağsaqqal sözünün nüfuzunun daha da möhkəmlənməsinə dəyərli töhfələr vermişdir.

Bu əlamətdar yubiley günündə Vaqif Əhmədovu – Şəki ictimaiyyətinin hörmətli nümayəndəsini, müharibə veteranını, nüfuzlu ağsaqqalı və dəyərli ziyalını 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, daim yüksək əhvali-ruhiyyə, tükənməz həyat enerjisi və Azərbaycan dövlətinin, xalqımızın rifahı naminə həyata keçirdiyi nəcib və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.