İyulun 23-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Şəki Rayon Ağsaqqallar Şurasının sədri, Birinci Qarabağ müharibəsi veteranı, uzun illər polis orqanlarında, həmçinin rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyəti ilə seçilən Vaqif Əhmədovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının, Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki Şəhər-Rayon Polis şöbəsinin, Şəki Rayon Prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şəki rayon şöbəsinin rəhbər şəxsləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və media nümayəndələri, Vaqif Əhmədovun ailə üzvləri, dostları, həmçinin uzun illər onunla birgə fəaliyyət göstərdiyi həmkarları iştirak ediblər.
Yubiley tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqal və ziyalılarən rolunu və fəaliyyətini yüksək dəyərləndirib. Həmçinin vurğulayıb ki, Vaqif Əhmədovun sədrliyi ilə Şəki rayonunun ictimai-mədəni və sosial-iqtisadi inkişafında ağsaqqalların hər birinin böyük əməyi vardır. Bildirib ki, Vaqif Əhmədov ömrünün mənalı və şərəfli yolunu xalqına, dövlətinə və doğma Vətəninə vicdanla xidmətə həsr etmiş, həyatının bütün mərhələlərində yüksək vətəndaşlıq mövqeyi, dövlətçilik prinsiplərinə sarsılmaz sədaqəti, dürüstlüyü və məsuliyyət hissi ilə seçilmiş nümunəvi ziyalıdır, müdrik ağsaqqaldır. Sonra natiq Vaqif Əhmədovu 75 illik yubileyi münasibətilə təbrik edərək, ona uzun və sağlam ömür, ailə səadəti və həyata keçirdiyi məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər diləyib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq Şəkidə ağsaqqallarla, ictimaiyyət nümayəndələri ilə görüşməkdən məmnun olduğunu qeyd edib və xoş təəssüratlarını bölüşüb. Ağsaqqallıq institutunun tarixindən söz açan natiq ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ağsaqqalların Azərbaycanda və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bildirib ki, ağsaqqallara yüksək dəyər verən Ümummulli Liderimiz Heydər Əliyevin bu gözəl ənənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Sonra natiq Şəki rayonunun ictimai-mədəni həyatında uzun illər səmərəli fəaliyyəti, dövlətçiliyimizə və cəmiyyətimizə xidmətləri ilə dərin hörmət qazanan, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədovun təşkilatdakı fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Vaqif Əhmədov milli-mənəvi dəyərlərimizin, ağsaqqallıq ənənələrinin və vətənpərvərlik ruhunun təbliği istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Onun rəhbərliyi ilə Rayon Ağsaqqallar Şurasının fəaliyyəti daha da canlanmış, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin təşviqi, şəhid ailələri, qazilər və veteranlarla iş, eləcə də müxtəlif sosial təşəbbüslərin həyata keçirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Bu gün də Vaqif Əhmədov öz zəngin həyat təcrübəsi, nüfuzu və şəxsi nümunəsi ilə ağsaqqallıq institutunun cəmiyyətdəki rolunun daha da gücləndirilməsinə mühüm töhfələr verməkdədir. Çıxışının sonunda Bayram Yusifov Vaqif Əhmədovu 75 illik yubileyi münsibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Rayon təşkilatındakı səmərəli fəaliyyəti, dəyərli xidmətləri və həmçinin 75 illik yubileyi nəzərə alınaraq onun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunduğunu vurğulayıb və döş nişanını yubilyara təqdim edib.
Sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov və Şəki Rayon Ağsaqqallar Şurasının sədr müavini Elxan Abdullayev çıxış edərək Vaqif Əhmədovun Birinci Qarabağ müharibəsində iştirakından, polis orqanlarındakı xidmətlərindən, rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakından, ağsaqqallıq ənənəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlərdən bəhs edərək qazandığı nailiyyətləri yüksək qiymətləndiriblər. Tədbirdə, həmçinin, polis veteranı Vaqif Əhmədovun Azərbaycan Respublikasının Daxili İşlər naziri tərəfindən müvafiq əmrlə Azərbaycan Respublikasının “Polis veteranı” medalı ilə təltif olunduğu elan edilib.
Çıxış edən yubilyar Vaqif Əhmədov göstərilən diqqət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib, rayonun ictimai-mədəni həyatında, ağsaqqallıq missiyasının həyata keçirilməsi sahəsində fəaliyyətini bundan sonra da yüksək səviyyədə davam etdirəcəyini bildirib.
Tədbirin sonunda Vaqif Əhmədova Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyəsi, həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının hədiyyəsi, eləcə də digər ictimai qurumlar tərəfindən Fəxri fərmanlar, diplom və xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə, həmçinin, Şəki Rayon Ağsaqqallar Şurasının sədr müavini Ruhangiz Abdullayeva ölkəmizin ictimai-mədəni, elmi-pedaqoji həyatında və Şuranın işində səmərəli fəaliyyətinə görə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif olunub.











