Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Şura üzvləri və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon şöbəsinin sədri Şakir Nadirov Birinci Qarabağ müharibəsi şəhidi Nuhu Mustafayevin atası, 83 yaşlı Mustafa Mustafayevi evində ziyarət ediblər.
Vaqif Nəzərov şəhid atası ilə həmsöhbət olub, onun səhhəti ilə maraqlanıb, xoş arzularını çatdırıb. Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vətən uğrunda canından keçən Nuhu Mustafayevə və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edir, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimiz də qəlblərdə əbədi olaraq yaşayacaqlar.
Şəhid atası Mustafa Mustafayev və ailə üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər, onları unutmayan ağsaqqallara xeyirxah əməllərinə görə təşəkkür ediblər.
Qeyd edək ki, 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olan Nuhu Mustafa oğlu Mustafayev Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub və 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində itkin düşüb. İllər sonra Gəncə şəhərindəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Nuhu Mustafayevin meyitinin qalıqları 2024-cü ilin may ayında Ağsu rayonuna gətirilərək oradakı Şəhidlər Xiyabanında dəfn edilib.


