Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir.
2026-cı il iyul ayının 26-da Qəbələ Rayon Ağsaqqallar Şurasının keçmiş sədri, dəyərli ziyalı, müdrik ağsaqqal Nazim Adil oğlu Mustafayev 91 yaşında vəfat etmişdir.
Uzun illər iqtisadi sahədə bir sıra məsul vəzifələrdə çalışan Nazim Mustafayev hər zaman özünəxas peşəkarlığı, vətənpərvərliyi və prinsipial mövqeyi ilə seçilmişdir. O, daim vəzifəsinin öhdəsindən ləyaqətlə gəlmiş, dövlətə və dövlətçiliyə sadiqliyi ilə nümunə göstərmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləmişdir.
Qəbələ Rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi müddətdə Nazim Mustafayev müdrik bir ağsaqqal, xalqına bağlı bir ziyalı kimi rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak etmiş, ağsaqqal sözünün qüdrətini və nüfuzunu daim qorumuş, gənclərimizə milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində öz töhfələrini vermişdir. Onun əməyinin və insanlığının izi bu gün də Qəbələ rayonunun ictimai-mədəni həyatında hiss olunur.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Mustafayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan səbr diləyirik. Müdrik ağsaqqal, alicənab insan Nazim Mustafayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV