İyul ayının 29-da Ağstafa Rayon Ağsaqqallar Şurası gənclərə həsr olunmuş növbəti tədbir keçirib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvlərinin, ziyalıların və gənclərin, eləcə də Ağstafa Rayon Gənclər və İdman Sektorunun rəhbər heyətinin və fəallarının, həmçinin rayonda fəaliyyət göstərən digər ictimai təşkilat nümayəndələrinin iştirak etdiyi iclasda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Gənclərin ictimai həyatda rolu” mövzusu ətrafında səmərəli müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Tədbir iştirakçılarını salamlayan Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev öz çıxışında qeyd etmişdir ki, bugünkü gənclər siyasətinin təməli hələ sovetlər birliyi dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə gənclərimizi daha savadlı kadr kimi yetişdirmək məqsədilə Azərbaycandan kənarda, SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarında təhsil almaları üçün şərait yaradılmış, yüzlərlə gənc Heydər Əliyevin bu siyasətindən bəhrələnmiş, və təhsili başa vurduqdan sonra Azərbaycanda müxtəlif idarəetmə orqanlarında işlə təmin edilmişlər. Bu gün də həmin kadrlar müxtəlif sahələrdə ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə hərbi məktəblərin yaradılmasında da məqsəd savadlı hərbi mütəxəssislər hazırlamaqla yanaşı vətənpərvər, xalqını, millətini, torpağını sevən gənclərin yetişdirilməsi olub. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da müstəqil Azərbaycanda uğurlu gənclər siyasəti davam etdirilmiş, bununla bağlı müxtəlif proqramlar qəbul olunmuş, cəmiyyətin bütün sahələrində gənclərə xüsusi yer verilmiş və fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmışdır. Natiq, həmçinin, vurğulayıb ki, hazırda gənclərlə aparılan uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altında yüksək səviyyədə davam etdirilir. Bunun nəticəsidir ki, vətənimiz Azərbaycanda vətənpərvər gənclər ordusu yetişdi, gənclərimiz Ali Baş Komandanın əmrini yerinə yetirmək üçün çağırış müraciətlərinə əməl etdilər və ordu sıralarına qoşularaq 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər.
Sonra iclasda Ağstafa Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov, Rayon Ağsaqqallar Şurasının üzvləri Gülgün Kərimov, Məmməd Məmmədov, Saqif Babayev və digərləri çıxış edərək gənclərimizin ictimai-mədəni həyatda rolundan, əldə etdikləri nailiyyətlərindən, dövlətə, dövlətçiliyə sadiqliyindən böyük qürurla danışmışlar.
Daha sonra tədbirdə Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni üzvlərinə vəsiqələr təqdim olunmuş və rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətlərinə görə Şura üzvləri, yubilyarlar – 75 yaşlı Əliyev Məcid Əli oğlu və 65 yaşlı Hacıyev Mirzahid Miri oğlu Şuranın, həmçinin Ağstafa Rayon Gənclər və İdman Sektorunun Fəxri Fərmanları ilə, Rayon Gənclər və İdman Sektorunun müdiri Hüseynov Turan Biləndər oğlu, gənc fəallar Mürüdov Asim Elşən oğlu və Abbaslı Rəşad İlham oğlu isə Ağstafa Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanları ilə təltif edilmişlər.
Tədbirdə Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni üzv qəbul edilən və uzun illər musiqi müəllimi işləmiş qarmon ifaçısı Bilal Bilalov ifa etdiyi musiqi nömrələri ilə yubilyarlara öz təbriklərini çatdırmışdır.
Sonda tədbir iştirakçıları Ağstafa Rayon Ağsaqqallar Şurasının fəaliyyət göstərdiyi binanın önündə xatirə şəkli çəkdiriblər.











