Abşeron Rayon Ağsaqqallar Şurasının Fəxri üzvü, Qərbi Azərbaycan İcmasının üzvü, müdrik ağsaqqal, vətənpərvər ziyalı Balakişi Həsənov ölkəmizin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
Qərbi Azərbaycanın Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindən olan Balakişi Həsənovla keçirilən görüşdə Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev yubilyarı Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından 80 illik yubileyi münasibətilə təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı arzulayıb və Fəxri Fərmanı yubilyara təqdim edib. Natiq Azərbaycanın dəyərli ağsaqqalı kimi Balakişi Həsənovun zəngin həyat yolunu, səmərəli fəaliyyətini yüksək qiymətləndirib və məsuliyyəti, işgüzarlığı ilə gənclərə nümunə olduğunu qeyd edib.
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov da Balakişi Həsənov haqqında xoş sözlər söyləyərək onu 80 illik yubileyi münasibətilə təbrik edib. Yubilyarla həmyerli olduğunu vurğulayaraq Balakişi müəllimi çoxdan tanıdığını və onun el ağsaqqalı, gözəl insan olaraq hamı tərəfindən sevildiyini və hörmət bəslənildiyini bildirib. Məhərrəm İbadov da, öz növbəsində, Balakişi Həsənovu Abşeron Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edib. Həmçinin Vətən müharibəsi şəhidi Rauf İbadovun rəsm əsərlərinin nəşr olunduğu albomu yubilyara təqdim edib.
Abşeron Rayon Ağsaqqallar Şurasının fəxri üzvü, Qərbi Azərbaycanın el ağsaqqalı Balakişi Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman ağsaqqallara, ziyalılara göstərdiyi qayğını yüksək dəyərləndirərək öz minnətdarlığını ifadə edib. Həmçinin ona göstərilən diqqətə görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə təşəkkürünü bildirib.


