Xəbərlər

HİCRAN ŞƏRİFOV – 61

Avqust ayının 1-də Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, vətənpərvər ziyalı, alicənab insan Hicran Şərifovun 61 yaşı tamam olur.

Hicran Şərifov uzun illər hüquq-mühafizə orqanlarında, Polis Akademiyasında uğurlu fəaliyyəti, fiziki hazırlıq və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü mühüm işlər və eləcə də idman sahəsində qazandığı möhtəşəm nailiyyətlərlə Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir. Onun çoxşaxəli və zəngin həyat yolu daim yüksək vətəndaş məsuliyyətinin, peşəkarlığın, fədakarlığın və Vətənə sonsuz məhəbbətin parlaq nümunəsi olmuşdur. Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi kimi ölkəmizin idman salnaməsində şərəfli iz qoymuş, dünyanın ən yaxşı güləş hakimi adına layiq görülmüş Hicran Şərifovun dövlətimizin ali mükafatları – “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunmağı onun uzunmüddətli səmərəli fəaliyyətinə verilmiş yüksək dəyərin təzahürüdür.

Hicran Şərifov son dövrlərdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində də yaxından iştirak edərək təşkilatın məqsəd və məramlarının həyata keçirilməsində böyük fəallıq nümayiş etdirir. Onun Şuranın Nəzarət-Təftiş Komissiyasının üzvü kimi məsuliyyətli və prinsipial fəaliyyəti, eləcə də Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini kimi təşəbbüskarlığı, təşkilatçılıq bacarığı və zəngin həyat təcrübəsi rayon təşkilatının fəaliyyətinə yeni dinamizm gətirmiş, ağsaqqallıq ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslin sağlam mənəvi ruhda formalaşdırılması və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.

Bu əlamətdar gündə ömrünü Vətənə, dövlətə və xalqa sədaqətlə xidmətə həsr etmiş dəyərli ziyalı, nüfuzlu ictimai xadim Hicran Şərifova şərəfli ömrünün 61-ci ildönümü münasibətilə ən səmimi təbriklərimizi çatdırır, Azərbaycan Ağsaqqallar Şurasına gənclik enerjisi gətirən bu alicənab şəxsiyyətə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə xoşbəxtliyi, həyatının bütün sahələrində yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Əminik ki, mənəvi keyfiyyətləri, sadəliyi, səmimiyyəti, xeyirxahlığı, insanlara diqqət və qayğısı ilə bütün ağsaqqalların dərin hörmət və rəğbətini qazanmış Hicran Şərifov bundan sonra da böyük əzmkarlığı, yüksək təşkilatçılıq qabiliyyəti və tükənməz enerjisi ilə Azərbaycan Ağsaqqallar Şurasının daha da inkişafına, cəmiyyətimizdə ağsaqqallıq institutunun nüfuzunun möhkəmləndirilməsinə və dövlətçiliyimizin təbliğinə ciddi töhfələr verəcəkdir.

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.