Xəbərlər

Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Avqust ayının 4-də Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Azərbaycan Ağsaqqallar Şurasının şöbə müdiri Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov giriş nitqində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan bəhs edib. Ağsaqqallara, ziyalılara, eləcə də şəhid ailələrinə və qazilərə  göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından və regionların, o cümlədən Lerik rayonunun inkişafına ayrılan diqqətdən geniş söhbət açıb. Konfransın işinə uğurlar arzulayıb.

Sonra Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun hesabat dövrü ərzində təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Natiq bildirib ki, yerli təşkilat tərəfindən müntəzəm şəkildə narkomaniyaya, erkən nikahlara və boşanmaların sayının artmasına qarşı gənc nəslin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən gənclərlə görüşlər keçirilir. Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Veteranlar təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq edilir. Daim Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti cəmiyyət arasında təbliğ edilir. Elxan Qənbərov çıxışının sonunda vurğulayıb  ki, rayon ağsaqqalları  üzərlərinə düşən vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirməyə çalışacaqlar.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, şəhid atası Hüseynverdi Rəhmətov və başqaları çıxış edərək  ağsaqqalların həyata keçirdikləri səmərəli işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Lerik Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb, növbəti dəfə uzunömürlülüər, mərd və vətənpərvər oğullar diyarı olan Lerik rayonunun  ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. Sonra natiq Ulu Öndər Heydər Əliyevin misilsiz ximətlərindən bəhs edərək dahi şəxsiyyətin  bütün ideyalarını uğurla  həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və davamlı olaraq inkişaf edən Azərbaycan dövlətinin qurulduğunu vurğulayıb. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından söz açan Abel Məhərrəmov dövlət başçısının Qurultay iştirakçılarına ünvanladığı müraciətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən də danışıb. Cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının artmasına, erkən nikahların fəsadlarına, narkomaniya bəlasının yayılmasına da toxunan natiq Lerik Rayon Ağsaqqallar Şurasının bu hallara qarşı aktiv fəaliyyətini və ümumiyyətlə, təşkilatın gördüyü işləri yüksək qiymətləndirib. Bütün bunlarla yanaşı əlavə edib ki,  ağsaqqallar bu sahədə daim fəal olmalı, maarifləndirmə işlərini mütəmadi davam etdirməli, eləcə də milli ideologiyanı inkişaf etdirməli, gənclərimizə vətənpərvərlik ruhunu aşılamalıdırlar. Çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və digər iqtisadi sahələrdə həyata keçirilən dövlət proqramlarından da söz açan Abel Məhərrəmov bu sahələr üzrə zəngin fəaliyyət praktikasına malik ağsaqqalların təcrübəsindən istifadə edilməsini məqsədəuyğun hesab edib. Sonda natiq hər bir ağsaqqala möhkəm cansağlığı, uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, təşkilat gələcək fəaliyyətini səmərəli şəkildə davam etdirəcəkdir.

Konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Açıq səsvermə yolu ilə Elxan Qənbərov yenidən Lerik Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov və digər natiqlər yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Konfransın sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.