Xəbərlər

Nəsimidə rayon ağsaqqalları ilə görüş keçirilib

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, eləcə də ağsaqqallar, ziyalılar, Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqallar həmişə cəmiyyətin mənəvi dayağı, müdrikliyin rəmzi olublar. Ümummilli Liderimiz Heydər Əliyev dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərin qorunmasına, xüsusilə ağsaqqalların həyat təcrübəsinə və ictimai nüfuzuna daim böyük önəm verib. Natiq, həmçinin, diqqətə çatdırıb ki, Ulu Öndər ağsaqqalları yalnız yaşlı nəslin nümayəndələri kimi deyil, xalqın tarixi yaddaşını, adət-ənənələrini və milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürən əsas qüvvə kimi qiymətləndirib. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə mütəmadi olaraq ağsaqqallarla görüşlər keçirib, onların fikir və təkliflərini dinləyib. Ağsaqqallar milli-mənəvi dəyərlərimizin daşıyıcıları kimi dəyərləndirilərək gənc nəslin tərbiyəsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və xalq-iqtidar birliyinin qorunmasında mühüm qüvvə hesab olunublar. Vurğulanıb ki, ağsaqqallara ehtiram ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Həmçinin qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarından biri olan Nəsimi Rayon Ağsaqqallar Şurası rayonun ictimai-mədəni həyatında fəal iştirak edir, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ziyalılarla səmərəli əməkdaşlıq qurur.
Görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində də yeni inkişaf mərhələsi başlanıb, yerli təşkilatlar yaradılıb və Şuranın fəaliyyəti daha da gücləndirilib. Natiq, həmçinin, qeyd edib ki, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri hər zaman olduğu kimi, bu gün də rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, gənc nəslin milli-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirirlər. Ağsaqqallar, eyni zamanda, zəngin həyat təcrübələrini gənclərlə bölüşərək onların vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verirlər.
Tədbir çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 iyul tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Milix İlxananoviç Yevdayevin zəngin həyat və fəaliyyətindən bəhs edib. Bu günlərdə 80 yaşı tamam olan Milix Yevdayevin uzun illər ərzində azərbaycançılıq ideologiyasına sadiq fəaliyyəti, milli birliyin möhkəmləndirilməsi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də dövlətçilik ənənələrinin təbliği istiqamətində mühüm xidmətlər göstərdiyini bildirib.
Sonra yubilyar bütün tədbir iştirakçıları tərəfindən təbrik edilib və ona xatirə hədiyyələri təqdim olunub.
Çıxış edən Milix İlxananoviç Yevdayev yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz dərin təşəkkürünü bildirərək gələcəkdə öz fəaliyyətini daha yüksək səviyyədə davam etdirəcəyini qeyd edib. O cümlədən təbriklərə və xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da ölkəmizdə milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrin qorunması və inkişafı istiqamətində öz biliyini və təcrübəsini əsirgəməyəcəkdir.
Tədbirin sonunda I Qarabağ müharibəsində şəhid olmuş Natiq və Azər Novruzovlar qardaşlarının anası Lətifə Novruzovaya Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvlük vəsiqəsi təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.