Avqustun 12-də Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və Qəbələ Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişmiş keçmiş sədri Nazim Mustafayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev giriş nitqində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs edib. O, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan söhbət açaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan natiq qeyd edib ki, təşkilatda təmsil olunan müdrik ağsaqqalların, tanınmış ziyalıların və elm adamlarının dəstəyi ilə Qəbələdə ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.
Sonra Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılov hesabat dövründə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. O bildirib ki, yerli təşkilat tərəfindən gənc nəslin müntəzəm şəkildə maarifləndirilməsi, eləcə də tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərdə iştirak təmin edilir, şəhid ailələri və qazilərlə görüşlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət mütəmadi şəkildə cəmiyyət arasında təbliğ olunur. Çıxışının sonunda Mehman İsmayılov vurğulayıb ki, rayon ağsaqqalları üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını, Qəbələ əhalisini salamlayıb. Bir daha Qəbələ Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Nazim Mustafayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və bütün ağsaqqallara dərin hüznlə başsağlığı verib. Sonra natiq Ulu Öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından bəhs edib, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. O, həmçinin, ağsaqqalların üzərinə düşən vəzifələrdən söz açaraq, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hesabatın qənaətbəxş olduğunu qeyd edən Vahid Novruzov respublikanın hər yerində olduğu kimi Qəbələ rayonunda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdə rayon ağsaqqallarının yaxından iştirak etmələrini, onların aktiv fəaliyyətini yüksək dəyərləndirib. Sonda natiq hər bir ağsaqqala möhkəm cansağlığı, uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, təşkilat bundan sonra da fəaliyyətini səmərəli şəkildə davam etdirəcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların səmərəli fəaliyyətindən, onların böyük nüfuza sahib olmalarından bəhs ediblər. Azərbaycanın hər bir bölgəsində yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Açıq səsvermə yolu ilə Mehman İsmayılov yenidən Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər tədbir iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
- 12-08-2026
- [20:20]
- []
12
Avq










