Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının məhəllə ağsaqqalları ilə görüşləri davam edir        

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin şəhərin Mənzil-Kommunal İstismar sahələrinin (MKİS) ərazilərində, məhəllə, mikrorayon və qəsəbələrdə ağsaqqallarla keçirdikləri silsilə görüşlər davam edir.

Artıq 1, 2, 4, 5, 8, 9 və 10 saylı MKİS-lərin ərazilərində, eləcə də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağsaqqallarla silsilə görüşlər keçirilib. Növbəti belə görüş 11 avqust 2026-cı il tarixində 11 saylı MKİS-in əhatə etdiyi 17-ci mikrorayonda 16 saylı binanın qarşısında yerləşən “Xeyir-şər evi”ndə keçirilib.

Görüşdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov əvvəlcə məhəllə ağsaqqallarını salamlayaraq onlara xoş arzularını çatdırıb. Sədr çıxışında ərazi Ağsaqqallar Şuralarının fəaliyyətinin düzgün təşkili və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin başlıca istiqamətlərindən biri dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin əhali arasında geniş təbliğ olunmasıdır.

Eldar İsmayılov, həmçinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində son 10–11 il ərzində şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin əhali arasında daha geniş təbliğ edilməsinin vacibliyini bildirib. Bu istiqamətdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə görülən işlərin və şəhərin sosial-iqtisadi inkişafına yönəlmiş layihələrin də diqqətə çatdırılmasının əhəmiyyətini qeyd edib. Daha sonra Şura sədri vurğulayıb ki, gənclər arasında milli-mənəvi dəyərlərin qorunması və yaşadılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də gənclərin zərərli və pis vərdişlərə qurşanmasının qarşısının alınması Şəhər Ağsaqqallar Şurasının fəaliyyətində mühüm yer tutmalıdır. Natiq diqqətə çatdırıb ki, bu istiqamətdə ağsaqqalların zəngin həyat təcrübəsindən, nüfuzundan və tərbiyəvi imkanlarından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır.

Görüşün sonunda məhəllə ağsaqqalları çıxış edərək onları narahat edən məsələləri, məhəllədaxili problemləri, irad və təkliflərini bildiriblər. Səsləndirilən fikirlər dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımların atılmasının vacibliyi qeyd olunub.

Görüşlərin şəhərin digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.